×
A
A
A
Sazlamalar

Gürcü ekspert: “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi maliyyə şəffaflığını nəzərdə tutur

Tbilisi, 15 aprel, AZƏRTAC
Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin yenidən müzakirəyə çıxarılması ölkədə siyasi qarşıdurmaya səbəb olub.
AZƏRTAC xəbər verir ki, hökumət bu qanunun qəbulunun ölkədə siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının fəaliyyətində şəffaflığın təmin olunmasına, demokratiyanın, söz azadlığının inkişafına xidmət etdiyini bəyan edib. Lakin müxalifət və onları dəstəkləyən QHT-lər, mətbuat orqanları bu qanunun qəbuluna qarşı çıxır.
Hərbi-siyasi ekspert Amiran Salukvadzenin fikrincə, qanun layihəsi təşkilatların öz maliyyələri haqqında deklarasiyalarını nəzərdə tutur. Buraya maliyyələşməsinin 20 faizindən çoxunu xaricdən alan təşkilatlar daxildir. Sənədə əsasən, həmin qurumlar ildə bir dəfə maliyyənin haradan və hansı məqsədlər üçün daxil olduğu barədə məlumat verməlidirlər. Yəni, qanun layihəsinin əsas məğzi bundan ibarətdir.
Onun sözlərinə görə, bu qanun fiziki şəxslərə, hətta sonradan qeyri-hökumət təşkilatlarını maliyyələşdirən şəxslərə şamil olunmur. Sadəcə olaraq ildə bir dəfə müvafiq reyestr xidmətinə maliyyə hesabatı verilməlidir. Məqsəd vətəndaş cəmiyyəti institutlarının vəsaitləri haradan, hansı məqsədlər üçün aldıqlarını izləməyə imkan yaratmaqdır.
Belə ki, bəzi partiyaların paralel olaraq həm də qeyri-hökumət təşkilatları var. Onlar QHT-nin adından kənardan maliyyə alırlar və həmin vəsaitləri siyasi məqsədlər üçün istifadə edirlər. Bu isə Gürcüstan qanunvericiliyinə ziddir.
Ekspert hesab edir ki, ümumiyyətlə qeyri-hökumət təşkilatları şəffaflıq nümunəsi olmalıdır. Lakin nə baş verir? Bir il əvvəl layihənin adı onlar üçün qəbuledilməz idi. Ötən il sənəd ilk dəfə parlamentə təqdim ediləndə adını “inagentlər” qoydular. Hakim partiya mənsublarının dediyi kimi, o zaman cəmiyyət sənəd barədə kifayət qədər məlumatlandırılmamışdı. Bu dəfə isə vəziyyət fərqlidir. Müvafiq iş aparılıb və cəmiyyət qanunun kimlərə aid olması, məqsədləri barədə məlumatlandırılıb.
Qanun layihəsi ilə bağlı beynəlxalq arenadan gələn tənqidi fikirlərə münasibət bildirən ekspert deyib: “Bu günlərdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Almaniyada rəsmi səfərdə oldu. Səfər çərçivəsində Baş nazir Almaniya rəsmiləri ilə məsələni müzakirə etdi və ortaya konkret mövqe qoydu. Düzdür, bir–birinə əks fikirlər var, amma bu, hələ son deyil, başlanğıcdır. Ona görə ki, sənədin qəbulu özlüyündə uzunsürən bir prosesdir”.
Qanun layihəsi əvvəlcə parlamentin komitələrində müzakirə olunmalı, sonra plenar iclasda üç oxunuşda müzakirə edilməlidir. Hələ birinci oxunuş belə olmayıb. Sənədə hansısa dəyişikliklər edilə bilər. Baş nazir məsələ ilə bağlı deyib ki, hökumət və hakim partiya həm ölkə daxilində, həm də tərəfdaşlarla diskussiyalara açıqdır.
Hakim partiya digər dövlətləri misal gətirir. ABŞ, Böyük Britaniya, İsrail, Fransa bu yöndə qanunlar qəbul edib. Avropa İttifaqında Avrokomissiyanın təsdiq etdiyi direktiv ilə bağlı müzakirə aparılır.
“Almaniya kansleri bildirir ki, orada konsepsiya bir qədər fərqlidir. Ola bilsin ki, konsepsiya başqadır, lakin Qərbin bu yöndə qanunvericiliyi daha sərtdir. Qanunun son variantının hansı məzmunda olacağını indidən demək çətindir. Yəni bu, hələ başlanğıcdır”, – deyə Amiran Salukvadze vurğulayıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2024-04-15 17:17:00