×
A
A
A
Sazlamalar

AMEA-da dahi şair Məhəmməd Füzulinin 530 illik yubileyi qeyd olunub

Bakı, 15 aprel, AZƏRTAC

Aprelin 15-də AMEA-nın Rəyasət Heyəti, Humanitar və İctimai Elmlər bölmələri və İraq-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan ilə yanaşı, Türkiyə, İraq, Suriya, Özbəkistan, Rusiyadan nümayəndələr iştirak ediblər.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin dahi şairin 500 illik yubileyindəki çıxışından kadrlar nümayiş etdirilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli beynəlxalq konfransın ölkə rəhbərinin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 2024-cü il tarixli 25 yanvar Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, bu Sərəncam dahi şairin irsini müstəqil Azərbaycan dövlətinin idealları işığında azərbaycançılıq ideologiyası və Türk dünyası kontekstində yenidən tədqiq etməyə imkan yaradıb.
Akademiyada Məhəmməd Füzulinin həyat və yaradıcılığı ilə bağlı geniş tədqiqatlar aparıldığını diqqətə çatdıran İsa Həbibbəyli hazırda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektoru tərəfindən dahi şairə həsr edilən kollektiv monoqrafiyanın hazırlanmaqda olduğunu vurğulayıb. Həmçinin ədibin UNESCO-nun Dünya Yaddaşı Beynəlxalq Reyestrinə daxil edilmiş anadilli “Divan”ının yenidən çapa hazırlanacağını, ölkəmizdə və beynəlxalq müstəvidə təqdimatlarının keçiriləcəyini bildirib. Bundan əlavə, AMEA-nın Əlyazmalar, Şərqşünaslıq, Ədəbiyyat və digər institutlarında Füzulinin 530 illik yubileyinə həsr olunmuş konfransların keçirildiyini, nəşrlərin çapa hazırlandığını və bu prosesin il ərzində davam edəcəyini söyləyib. Eyni zamanda, İraqda Füzuliyə həsr olunmuş bir neçə tədbirin keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.
AMEA rəhbəri bildirib ki, keçirilən tədbirlərin digər başlıca məqsədi isə Füzulini yenidən dünyaya Azərbaycan şairi kimi tanıtmaqdan ibarətdir və onun azərbaycanlı olmağı heç kimdə şübhə doğurmur: “Füzulinin mənşəyi azərbaycanlı, dili isə Azərbaycan türk dilidir. Ulu Öndər Heydər Əliyevin də dediyi kimi, Füzuli türk xalqlarını birləşdirmiş şəxsiyyətdir. Füzuli Şərqin, ümumilikdə isə dünyanın böyük sənətkarlarından, şairlərindən biridir. Dili, üslubu və şeirlərindəki məcazları baxımından dünyada onunla müqayisə oluna biləcək az şair var”.
İ.Həbibbəyli çıxışının sonunda vurğulayıb ki, Məhəmməd Füzuli mükəmməl yaradıcılığı ilə dahilik zirvəsinə yüksəlib, Azərbaycan və Türk dünyasının ədəbi-bədii fikrini zənginləşdirib və onun irsi dövlət başçısının Sərəncamı işığında yenidən tədqiq olunaraq gələcək nəsillərə çatdırılacaq.
AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva bildirib ki, Azərbaycan ədəbi-bədii fikir tarixində böyük rol oynayan, Şərq xalqları ədəbiyyatına mühüm təsir göstərən böyük şair və mütəfəkkir Məhəmməd Füzulinin ölməz bədii-fəlsəfi irsi xalqımızın bəşər sivilizasiyasına bəxş etdiyi əvəzolunmaz mədəni sərvətdir. G.Baxşəliyeva Azərbaycan, ərəb və fars dillərində 16 irihəcmli əsərin müəllifi olan dahi şairin yaradıcılığının həm Qərb, həm də azərbaycanlı tədqiqatçılarının onun ecazkar yaradıcılığının orijinallığını, poetikasının yüksək bədiiliyini və incəliyini qeyd etdiklərini, onu Azərbaycan-türk ədəbiyyatı tarixində ən həssas lirik və romantik şair adlandırdıqlarını qeyd edib.
Akademik rəhbərlik etdiyi Şərqşünaslıq İnstitutunda da dahi şairin ölməz yaradıcılığının diqqət mərkəzində olduğunu, zaman-zaman onun müxtəlif aspektlərinə həsr olunmuş monoqrafiya, kitab və məqalələr dərc olunduğunu, dissertasiyaların müdafiə edildiyini vurğulayaraq, institut alimlərindən Aydın Abıyevin “Füzuli və Türkiyə poeziyası”, Ruhəngiz Cümşüdlünün “Füzulinin ərəbcə poetik irsi”, Şəfəq Əlibəylinin “Füzulinin farsca divanı: linqvo-poetik özəlliklər” adlı monoqrafiyalarının çap olunduğunu xatırladıb.
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Füzulinin Nizami və Nəvai ilə birlikdə Türk dünyasının ən böyük şəxsiyyətlərindən biri olduğunu söyləyib. Füzulinin yaradıcılığına nəzər salan AYB sədri dahi şairin yazdığı mükəmməl əsərlərlə Azərbaycan və dünya ədəbiyyatına təsir etdiyini, onun hikmətinin əsrlərdən bəri yaşadığını bildirib.
İraq Strateji Araşdırmalar Mərkəzinin direktoru, İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri professor Mutaz Muhyi Əbdülhəmid çıxışında vurğulayıb ki, İslam və Azərbaycan ədəbi düşüncəsinin inkişafında müstəsna rola olmuş Məhəmməd Füzuli bütün İslam dünyasının bənzərsiz mənəvi xəzinələrindən hesab edilir.
M.M.Əbdülhəmid Azərbaycanla İraq arasında əlaqələrin inkişafına görə akademik İsa Həbibbəyliyə, akademik Gövhər Baxşəliyevaya, Ədəbiyyat İnstitutunun şöbə müdiri professor İmamverdi Həmidova, Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Ruhəngiz Cümşüdlüyə və Şərqşünaslıq İnstitutunun şöbə müdiri Elnur Mustafayevə İraq Strateji Araşdırmalar Mərkəzinin və İraq-Azərbaycan Dostluq Cəmiyyətinin fəxri fərmanlarını təqdim edib.
Ürgənc Dövlət Universitetinin Özbək ədəbiyyatı fakültəsinin dekanı professor Dilşod Qayipov isə çıxışında Məhəmməd Füzulinin Şərq ədəbiyyatında tutduğu mövqedən danışıb.
AMEA-nın akademik Z.M.Bünydov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Ruhəngiz Cümşüdlü “Füzulinin ərəbcə poetik irsinin tədqiqi haqqında” mövzusunda məruzəsində dahi şairin Azərbaycan-türk, ərəb və fars dillərində müxtəlif janrlarda yazıb yaratdığını, Şərq ədəbiyyatının şifahi və yazılı nümunələrini bədii şəkildə ümumiləşdirdiyini qeyd edib. Məruzəçi bildirib ki, Füzulinin ərəbcə poetik irsi uzun müddət elm aləminə naməlum qalıb və 1929-cu ildə akademik Y.Bertels tərəfindən Sankt-Peterburqda Asiya muzeyində aşkarlanıb. Lakin bu əlyazmada ərəbcə şeirlər natamam şəkildə əks olunub.
Konfransda İraq Mədəniyyət Nazirliyi nəzdində Türkman Mədəniyyət Mərkəzinin sədri Sabah Kərküklü, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin kafedra müdiri Nurboy Cabbarov, Özbəkistan Respublikası Əndican Dövlət Universitetinin professoru Salimaxon Mirzoyeva, Rusiya Elmlər Akademiyası M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aparıcı elmi işçisi, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Abuzər Bağırov Məhəmməd Füzulinin həyatı və yaradıcılığı barədə məruzələrlə çıxış ediblər.
Konfrans daha sonra Şərqşünaslıq İnstitutunda bölmə iclasları ilə davam edib. Konfransın işinə aprelin 16-da yekun vurulacaq.

Elm və təhsil 2024-04-15 16:39:00