Mil-Muğan bölgəsində pambıq səpini başlayıb - Sabirabaddan videoreportaj
Sabirabad, 15 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Mil-Muğan bölgəsində pambıq səpininə start verilib. Sabirabaddan olan fermerlər də əlverişli hava şəraitindən istifadə edərək, səpin işlərini qısa müddətə başa çatdırmağa çalışırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən il pambıq tədarükünə görə ön sıralarda yer alan Sabirabadda tarlalara bir həftədir çiyid səpilir. Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Heydər Yaqubov bildirib ki, cari ildə rayon üzrə 12500 hektardan çox pambıq əkini nəzərdə tutulub.
Onun sözlərinə görə, ötən il rayon üzrə 33 min ton məhsul tədarük olunub, builki hədəf daha çox məhsul yığmaqdır. Rayonda 7 şirkətlə 3 minə yaxın fermer arasında müqavilə bağlanılıb və müraciətlər davam edir.
Məhsuldarlığı artırmaq üçün yüksək reproduksiyalı toxum sortlarına üstünlük verilir və səpin aparılması üçün daha məhsuldar torpaqlar seçilir. Bu günə qədər 1500 hektara yaxın sahədə səpin aparılıb, işlərin optimal müddətdə tamamlanması üçün sahələrə 100-dən çox texnika cəlb edilib.
Pambıqçılıqda kifayət qədər təcrübəyə malik olan fermer Əfras Əsgərov da bol məhsul götürəcəyinə ümid edir və bu il 150 hektar sahədə pambıq becərməyi qarşıya məqsəd qoyub.
“Pambıqçılıq çox gəlirli sahədir, dövlət tərəfindən göstərilən dəstək, məhsulun tədarükü fermerləri bu sahəyə cəlb edir. Ötən il 130 hektar sahədə pambıq becərirdimsə, bu il əkin sahəsini əlavə 20 hektar artırmışam. Son günlər havalar yağıntılı keçsə də, hazırda əlverişli hava şəraiti var və bir həftəyə yaxındır ki, səpinə start vermişik. Hazırda yüksək məhsuldarlığı olan xarici sort toxumlardan istifadə edirik. Sahəyə bizim torpaq üçün uyğun olan “Bəyaz altun” toxumu səpirik”, - deyə o bildirib.
Fermer çiyidin və dərmanın baha olmasından da gileylənib və bunun məhsulun maya dəyərini artırdığını vurğulayıb. Deyir ki, yerli sort lifsiz çiyid istehsal edilərsə, qiymətlər də ucuz olar.
Bu il 100 hektardan çox sahədə pambıq əkməyi planlaşdıran fermer Fəxrəddin Əsgərov da toxumların və dərmanların baha olduğunu söyləyib. “3-4 il əvvəl pambıq becərilməsi daha ucuz başa gəlirdi. Həmin vaxtlarda çiyid və dərman indiki kimi baha deyildi. Hazırda bir hektar sahədə pambıq becərmək 1200 manat civarında xərc tələb edir. Səpin vaxtı qeyri-sabit hava şəraitinə görə çıxış ala bilməsək, təkrar səpin aparırıq. Bu da əlavə xərc deməkdir. Dərman və çiyidin qiyməti aşağı olarsa, bu sahə daha çox inkişaf edər”, - deyə o əlavə edib.
Xocalıda Novruz konserti keçirilib VİDEO
Naxçıvanda hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq edilib
Kəngərli rayonunda yaşayış evində yanğın olub
Gəncədə Novruz bayramı münasibətilə ümumşəhər tədbiri keçirilib