×
A
A
A
Sazlamalar

Türkiyəyə ən çox turist qonşu ölkələrdən gəlib

Ankara, 15 aprel, AZƏRTAC

2024-cü ilin yanvar-fevral aylarında Türkiyəyə 4,3 milyondan çox əcnəbi turist gəlib. Onların arasında sayca ilk sırada İran, Rusiya və
Bolqarıstan vətəndaşları olub.
AZƏRTAC xəbər verir ki, bu məlumat Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin “Turizm Həftəsi” çərçivəsində açıqladığı hesabatda yer alıb.
Nazirliyin məlumatına əsasən, cari ilin ilk iki ayının turist sayı
göstəricisi keçən ilin eyni dövrü ilə müqayisədə 12 faiz çoxdur.
Belə ki, 2023-cü ilin yanvar-fevral aylarında Türkiyəni 3,8 milyon
əcnəbi turist ziyarət etmişdi. Ümumilikdə isə, ötən il ərzində qardaş
ölkəyə turizm məqsədilə 56 milyon 693 min nəfər daxil olmuşdu.
Onlardan 49 milyonu əcnəbilər, 7,4 milyonu isə digər
dövlətlərdə yaşayan Türkiyə vətəndaşları idi.
2024-cü ilin yanvar-fevral aylarında Türkiyəyə İrandan 437 min 905, Rusiyadan 433 min 654, Bolqarıstandan isə 345 min 301 turistin gəldiyi bildirilir. İlk beş ölkə sırasına, həmçinin Almaniya və Gürcüstan daxildir.
Xarici turistlərin ən çox maraq göstərdiyi yerlər İstanbul şəhəri,
Edirne, Antalya, Artvin və Ağrı vilayətləri olub.

 
Ramin Abdullayev
AZƏRTAC -ın xüsusi müxbiri
Ankara

Dünya 2024-04-15 16:14:00