×
A
A
A
Sazlamalar

Dövlət qulluğuna test imtahanının nəticəsi elan olunub

Bakı, 15 aprel, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə aprelin 14-də keçirdiyi dövlət qulluğuna qəbul imtahanının nəticələrini açıqlayıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, qeydiyyatdan keçmiş 2764 namizəddən 46-sı imtahana gəlməyib.
İmtahanın nəticələrinə əsasən, BA2 altqrupu üzrə 10 nəfər, BA3 altqrupu üzrə 28 nəfər, BA4 altqrupu üzrə 50 nəfər, BB1 altqrupu üzrə 43 nəfər, BB2 altqrupu üzrə 82 nəfər, BB3 altqrupu üzrə 167 nəfər, BB4 altqrupu üzrə 302 nəfər olmaqla, ümumilikdə 682 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikat 5 il qüvvədə olur.
İmtahandan müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün aprelin 16-dan 29-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin “skan” edilmiş surətləri formaya əlavə edilir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti (olduğu halda).
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikatı olan şəxs orada nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
İmtahanın nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər aprelin 16-dan 18-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Namizədlərlə telefon vasitəsilə əlaqə saxlanılacaq. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Elm və təhsil 2024-04-15 15:57:00