×
A
A
A
Sazlamalar

Almaniyada dörd pendir növü piştaxtalardan təcili yığışdırılır

Berlin, 15 aprel, AZƏRTAC

Almaniyada “Meierei-Genossenschaft Sarzbüttel eG” firmasının istehsal etdiyi dörd pendir növü təcili olaraq piştaxtalardan yığışdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı bazar ertəsi ixtisaslaşmış “produktwarning.eu” nəşri yayıb. Şirkət məhsulların geri çağırılması səbəbi kimi Listeria, daha dəqiq desək, Listeria monocytogenes bakteriyası ilə mümkün çirklənməni göstərir ki, bu da istehlak edildikdə sağlamlıq problemlərinə səbəb ola bilər. Bu, çirklənmiş pendir məhsullarının istehlak edilməməsi ilə bağlı istehlakçılara xəbərdarlıq deməkdir.
Vəziyyət açıq piştaxta mallarının alıcıları üçün xüsusilə problemlidir, çünki istehlak üçün yararsız pendiri müəyyən etmək demək olar ki, mümkün deyil.
İstehsal tarixləri və nömrələri qeyd olunan bu pendir məhsullarını almış istehlakçılardan onları müvafiq alış yerlərinə qaytarmaları xahiş olunur. Həmin nömrələr mətbuatda dərc olunub və məhsulun arxa etiketində yerləşir.
“Meierei-Genossenschaft Sarzbüttel eG” firması bildirib ki, istehlakçıların müdafiəsi onun əsas prioritetidir və geri çağırma elanı ciddi qəbul edilməlidir. Kooperativ bakteriyanın təsirinə məruz qalması ehtimal edilən məhsulların daha da yayılmasının qarşısını almaq və müştərilərinin təhlükəsizliyini təmin etmək üçün qida nəzarəti orqanları ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb.
Bu insident bir daha göstərir ki, qida sektorunda mütəmadi nəzarət və çevik tədbirlər böyük əhəmiyyətə malikdir.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2024-04-15 15:27:00