×
A
A
A
Sazlamalar

AzMİU dizayn ixtisası üzrə Milan Politexnik Universiteti ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

Bakı, 15 aprel, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədovanın rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliyaya səfəri yekunlaşıb.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, səfərin son günündə rektor Gülçöhrə Məmmədova Milan Politexnik Universiteti Dizayn fakültəsinin dekanı Françesko Zurlo, Dizayn məktəbinin professoru Mauro Ceconello, Silviya Krameqna və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları ilə görüşüb. Görüşlərdə AzMİU ilə Milan Politexnik Universiteti arasında dizayn ixtisası üzrə həyata keçirilən ikili diplom müqaviləsinin tədris məsələləri müzakirə edilib. AzMİU-da memarlıq və dizayn ixtisasları üzrə Qərbin, xüsusilə İtaliyanın ali təhsil təcrübəsinə böyük önəm verildiyini deyən professor Gülçöhrə Məmmədova rəhbərlik etdiyi universitetin Milan Politexnik Universiteti ilə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu vurğulayıb. Rektor bildirib ki, dizayn ixtisası üzrə həyata keçirilən ikili diplom müqaviləsi gələcək əməkdaşlıqlar üçün əlverişli mühit formalaşdırmaqdadır.
Görüşdə ikili diplom proqramı çərçivəsində Milanda təhsil alan AzMİU tələbələrinin keçdikləri dərslər, laboratoriya işləri və icra etdikləri layihələr barədə məlumat verilib. Eyni zamanda, tələbələrin hazırlıq səviyyəsindən, dil və proqram biliklərindən razılıq ifadə edilib.
Sonra professor Gülçöhrə Məmmədova ikili diplom müqaviləsi çərçivəsində Milan Politexnik Universitetində təhsil alan AzMİU tələbələri ilə görüş keçirib. Rektor tələbələrlə tədris prosesi, onların yaşayış şəraiti, üzləşdikləri çətinliklərlə bağlı ətraflı söhbət aparıb, onlara gələcək fəaliyyətləri ilə bağlı tövsiyələr verib.
Qeyd edək ki, AzMİU bakalavriat səviyyəsi üzrə Türkiyənin İstanbul Texniki Universiteti, İtaliyanın Milan Politexnik Universiteti və Fransanın CNAM Universiteti ilə, magistratura səviyyəsi üzrə isə İspaniyanın Koruna Universiteti, İtaliyanın Milan Politexnik Universiteti və Portuqaliyanın Leiria Politexnik İnstitutu ilə ikili diplom proqramları həyata keçirir. Böyük Britaniyanın Vestminster Universiteti (memarlıq abidələrinin bərpası və yenidən qurulması ixtisasında) və Türkiyənin Ankara Universiteti (elektrik və elektronika mühəndisliyi) ilə imzalanan ikili diplom proqramı üzrə bu ildən etibarən tələbə qəbulu həyata keçiriləcək.

Elm və təhsil 2024-04-15 14:55:00