Nizami Gəncəvi adına Xankəndi şəhər məktəbinin məzunları 41 ildən sonra görüşüblər
Bakı, 13 aprel, AZƏRTAC
Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin 1983-cü il məzunları 41 ildən sonra aprelin 13-də Bakıda bir araya gəliblər.
AZƏRTAC-ın əməkdaşı həmin məzunlarla görüşüb, onların təəssüratlarını dinləyib.
Görüşün təşkilatçısı, Xankəndi şəhər sakini Aybəniz Həsənova deyib ki, uzunmüddətli məcburi köçkünlük həyatından sonra bu görüş onları məktəb illərinə aparıb: “Bir zamanlar eyni masa arxasında oturduğumuz uşaqları bu gün saçları ağarmış, üzləri qırışmış görmək çox ağrılıdır. Yurd həsrəti, köçkünlük həyatı artıq bizi bir-birimizi tanımayacaq qədər yadlaşdırıb. Amma bu görüş bizi həmin illərə apardı. Şükürlər olsun ki, artıq öz doğma yurd-yuvamıza qovuşmuşuq. Çox keçməz ki, bu görüşü elə öz doğma yurdumuzda, öz doğma məktəbimizdə, sinif otağımızda qeyd edərik”.
Aybəniz Həsənova qeyd edib ki, birinci Qarabağ müharibəsində şəhid olanlar arasında onların da sinif yoldaşları var:
“Müharibədə şəhid olanımız da var, həyat yoldaşını, qardaşını itirənlər də. Məhz bu səbəbdən də 30 nəfərdən 15-i həyatdadır.
Şükürlər olsun ki, bu gün artıq Xankəndi azaddır. Müzəffər Ali Baş Komandanın, şəhidlərimizin, qazilərimizin sayəsində öz yurd-yuvamıza qovuşmuşuq. Allah qazilərimizə cansağlığı versin, şəhidlərimizə rəhmət eləsin. Biz bu gün həm də ona görə sevinirik ki, bizim, şəhidlərimizin qisası alındı”.
Digər məzun Qiymət Əhmədova isə vurğulayıb ki, o, bu görüşü həmişə səbirsizliklə gözləyib: “Xankəndimiz, Kərkicahanımız erməni separatçılarının əsarətində olduğuna görə bu görüşü təşkil etməyə ürək edə bilmirdik. Lakin Azərbaycan Ordusu mənfur düşmənə qalib gələndən sonra fikirləşdik ki, artıq sinif yoldaşlarımızla bir araya gəlməyin tam vaxtıdır. Çünki artıq qalib xalqın nümayəndələriyik.
Bu gün biz çox məmnun, çox şadıq ki, qalib xalqın nümayəndələri olaraq bir yerə toplaşmışıq. Mən buna bir möcüzə kimi baxıram. Xankəndinin azad olunacağı ağlımızın ucundan da keçməzdi. Bu qeyri-mümkünü mümkün edən şəhidlərimizə, qazilərimizə və cənab Ali Baş Komandana borcluyuq”.
Qeyd edək ki, 1945-ci ildən fəaliyyət göstərən Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbdə azərbaycanlılar təhsil alıb. Hazırda həmin məktəb Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsində fəaliyyət göstərir.
“İlğım” kitabının təqdimat mərasimi keçirilib
Laçının 2025-ci il MDB-nin mədəniyyət paytaxtı elan edilməsi qürur doğuran məqamlardan biridir
Şərqşünaslıq İnstitutunun kollektivi professor Aida İmanquliyevanın xatirəsini anıb
Güclü geomaqnit qasırğası başlanır
“Təbiət kimi, insan da gözəlliklə dolub-daşır” – Aida İmanquliyeva