×
A
A
A
Sazlamalar

Xalq rəssamı Qəyyur Yunusun “Sağ əlin sərvəti” adlı yubiley sərgisinin açılışı olub

Bakı, 12 aprel, AZƏRTAC

Müasir İncəsənət Muzeyində Azərbaycanın dünyaca tanınmış ustad rəngkarı və Xalq rəssamı Qǝyyur Yunusun “Sağ əlin sərvəti” adlı yubiley sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, sərgidə rəssamın son zamanlarda yaratdığı 72 ədəd rəngkarlıq və qrafik əsərləri nümayiş etdirilir. Həmin əsərlər, Azərbaycanın və İslam dünyasının zəngin mədəni köklərini əks etdirən simvolik elementlərdən ilhamlanır, eyni zamanda, müasir incəsənət texnikaları ilə birləşərək, Qəyyur Yunusun özünəməxsus üslubunu vurğulayır.
Xalq rəssamı Qəyyur Yunus AZƏRTAC-a müsahibəsində sərginin 75 illik yubileyinə həsr olduğunu və Müasir İncəsənət Muzeyində ikinci dəfə keçirildiyini söyləyib. Sərgidə son beş ilin əsərlərinin nümayiş olunduğunu qeyd edən fırça ustası, ekspozisiyada dəyərli rəsmlərin yer aldığını deyib: “Baxmayaraq ki, əsərlər müxtəlif mövzulardadır, onların həm mənəvi, həm də özünə uyğun maliyyə dəyəri vardır. Həmçinin sərgidə satışa çıxarılmayan əsərlər də var”.
Rəssam sərginin sənətsevərlər, sənətşünaslar, mütəxəssislər tərəfindən yüksək qiymətləndiriləcəyini vurğulayıb: “Gələn həftə sərginin müzakirə olunması planlaşdırılır. Müzakirədə hər bir əsərin ayrı ayrılıqda izahı veriləcək, həmçinin rəsmlərin necə ərsəyə gəlməsindən bəhs olunacaq”.
Sərginin kuratoru Rəsul Həsənov Qəyyur Yunusun Azərbaycan rəngkarlığında önəmli yeri olduğunu qeyd edib: “Rəssamın əsərlərinə baxdıqda insan daxili rahatlıq tapır. Onun rəsmlərində xoş auranı hiss etmək mümkündür. Qəyyur Yunus İslam dünyası üçün öz dəst-xətti olan rəssamlardandır. Əgər yüz il sonra Azərbaycan, Şərq incəsənəti dünyaya təqdim edilərsə onun əsərləri göstəriləcək ilk nümunələr arasında olacaq”.
Sərginin təşkilində əməyi keçənlərə təşəkkürünü bildirən Xalq rəssamı Qəyyur Yunus əlavə edib: "Ümid edirəm ki, əsərləri görəndə qəlbimdə olan bütün hisslər duyula biləcək".
Qeyd edək ki, Qayyur Yunus 1948-ci ildə Bakının Əmircan kəndində anadan olub. O, 1971-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq Kollecini, 1977-ci ildə isə Tbilisi Rəssamlıq Akademiyasını bitirib. 1980-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan sənətkar "Humay" mükafatına layiq görülüb. Hazırda rəssamın əsərləri dünyanın bir çox nüfuzlu qalereyalarında, muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır.
Sərgi aprelin 30-dək davam edəcək.

Mədəniyyət 2024-04-12 21:44:00