×
A
A
A
Sazlamalar

Təhsil idarəsinin rəsmisi: Şəki-Zaqatala regionundakı məktəblərin müasir avadanlıqla təmin edilməsi diqqət mərkəzindədir

Bakı, 12 aprel, AZƏRTAC

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir avadanlıqla təmin edilməsi, yeni binalarının tikilməsi və mövcud binaların təmir olunması diqqət mərkəzindədir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən müdir müavini Günay Mahmudova söyləyib. O bildirib ki, son iki ildə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 100-də çox məktəbdə cari, 1-də əsaslı təmir işləri aparılıb, 8 müəssisə binası sökülərək yenidən tikilib: “Həmçinin 6 məktəbəqədər təhsil müəssisəsinin binası yararsız olduğu üçün müasir infrastruktura malik binalara köçürülüb, 2 məktəbəqədər müəssisədə isə hazırda təmir işləri aparılır. İdarənin tabeliyində fəaliyyət göstərən və qəzalı vəziyyətdə olan 4 məktəb binasının sökülərək yenidən tikilməsi, 90-dan çox təhsil müəssisəsində isə təmir işlərinin aparılması nəzərdə tutulur".
Günay Mahmudova qeyd edib ki, aprelin 9-da açılışı baş tutan Qəbələ rayon Təbriz Yaqubov adına Bum qəsəbə tam orta məktəbi aprelin 15-dən etibarən məktəbin müəllim və şagird kollektivinin istifadəsinə veriləcək.

Elm və təhsil 2024-04-12 10:10:00