×
A
A
A
Sazlamalar

AMEA-da tədbir: “Hər şey Vətən üçün”

Bakı, 9 aprel, AZƏRTAC

Aprelin 9-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) müqəddəs Ramazan bayramı münasibətilə şəhid ailələrinin və qazilərin iştirakı ilə “Hər şey Vətən üçün” adlı tədbir keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbir AMEA-nın Rəyasət Heyətinin və Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutub. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi və qəhrəman Ordumuzun şücaəti sayəsində ölkəmiz böyük Zəfər qazanaraq tarixi ədaləti bərpa edib. AMEA rəhbəri fədakar Vətən övladlarının əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağını deyib.
Ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışan akademik İsa Həbibbəyli tarixi Qələbənin şəhidlərimizin canı, qazilərimizin qanı bahasına qazanıldığını vurğulayıb. Qeyd edib ki, ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifahının yaxşılaşdırılması və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir.
Böyük Zəfərin ölkənin tarixində yeni bir dövr açdığını deyən alim bildirib ki, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirləri ilə Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunub. O, Vətən müharibəsindəki tarixi Qələbənin və antiterror tədbirlərinin Azərbaycanın çoxəsrlik tarixinin nadir hadisəsi olduğunu qeyd edib.
AMEA prezidenti vurğulayıb ki, 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümü münasibətilə keçirilən hərbi parad Prezident İlham Əliyevin qalib sərkərdə, qətiyyətli, cəsarətli, uzaqgörən dövlət başçısı olduğunu bir daha dünyaya bəyan etdi. Akademik ölkəmizdə sabitliyin, inkişafın, birliyin və tolerantlığın hökm sürməsinin Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasətin Prezident İlham Əliyevin uğurla davam etdirildiyini vurğulayıb.
Akademik İsa Həbibbəyli AMEA-nın öz fəaliyyətini Prezident İlham Əliyevin fevralın 14-də Milli Məclisdə təşkil olunmuş andiçmə mərasimindəki proqram xarakterli çıxışından irəli gələn məsələlər üzərində qurduğunu, bu elm ocağında dövlət başçısının elan etdiyi milli prioritetlər və inkişaf strategiyasına uyğun geniş tədqiqatların aparıldığını diqqətə çatdırıb.
İsa Həbibbəyli son zamanlar AMEA-da həyata keçirilən yeniləşmə prosesləri barədə də danışıb. Elmi tədqiqatların ölkə başçısının təsdiq etdiyi davamlı inkişaf strategiyasına uyğun olaraq yenidən təşkil edildiyini, akademiyada həm struktur, həm də kadr dəyişikliyi istiqamətində mühüm islahatlar aparıldığını söyləyib. O, Nazirlər Kabinetinin qərarı ilə AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun nəzdində Tarix və Etnologiya İnstitutunun, eləcə də Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bazasında müvafiq olaraq Arxeologiya və Antropologiya İnstitutunun yaradıldığını qeyd edib. Həmçinin AMEA-nın müxtəlif institutlarında müasir dövrün tələblərinə və çağırışlarına uyğun 20-dən çox yeni şöbə yaradıldığını, oxşar şöbələrin ləğv edildiyini, eləcə də bir sıra kadr təyinatlarının olduğunu deyib.
Sonra “İnformasiya müharibəsində də qalib gəlmiş Müzəffər Ali Baş Komandan İlham Əliyev” adlı videoçarx nümayiş etdirilib.
Tədbirdə AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov çıxış edərək müqəddəs Ramazan bayramı ərəfəsində belə bir tədbirin keçirilməsindəki dəstəyə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib. Həmçinin Vətən müharibəsi iştirakçısı dosent Radif Mustafayev, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun YAP ilk Ərazi təşkilatının sədri Mərziyyə Nəcəfova, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayev, Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Asya Əhmədova, A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun YAP ilk ərazi təşkilatının sədri Bəxtiyar Əhmədov çıxış edərək tədbirin elmi, siyasi əhəmiyyətini və yeni reallıqlar baxımından mahiyyətini şərh ediblər.
Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız Zəfər xalqımızın başını uca edib, işğal altında olan dədə-baba yurdumuzda Ramazan bayramı qeyd olunur. Şəhidlərimizin, qazilərimizin və ümumilikdə Ordumuzun sayəsində Vətənimizin ərazi bütövlüyü təmin olunub.
Çıxış edənlər şəhid və qazi ailələrinin hər zaman diqqət mərkəzində olmasından danışıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərə cansağlığı arzu ediblər.

 

Elm və təhsil 2024-04-09 17:55:00