×
A
A
A
Sazlamalar

Azərbaycan səfirliyi Polşada iftar süfrəsi təşkil edib

Bakı, 9 aprel, AZƏRTAC

Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı və Polşa Müsəlmanları İttifaqının dəstəyi ilə Polşanın Belostok şəhərində iftar süfrəsi təşkil olunub.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, iftar süfrəsində Polşa müftisi Tomaş Miskeviç başda olmaqla, Polşa Müsəlmanları İttifaqı, diplomatik missiyaların nümayəndələri, mədəniyyət qurumlarının rəhbərləri, yerli tatar icmasının təmsilçiləri, o cümlədən şəhərin müsəlman sakinləri və müxtəlif ölkələrdən tələbələr iştirak ediblər.
Polşanın müftisi T.Miskeviç çıxışında həmrəylik, dostluq, qardaşlıq və xeyirxahlıq baxımından iftar təşəbbüsünün əhəmiyyətini qeyd edib. O, Polşanın müsəlman əhalisi arasında Azərbaycana münasibətdə rəğbətin yarandığını vurğulayıb.
Azərbaycanda və Polşada, eləcə də bütün dünyada müsəlmanların sülh, xeyriyyəçilik və tolerantlıq kimi ümumbəşəri dəyərləri qeyd etmək məqsədilə digər dinlərlə birlikdə iftar süfrələri açdığını bildirən səfir Nərgiz Qurbanova Ramazan ayının İslam aləmi, o cümlədən Azərbaycan xalqı üçün önəmini vurğulayıb. Diplomat İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən biri olan ölkəmizdə Ramazan bayramının hər il qürurla qeyd edildiyi diqqətə çatdırılıb. Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə, mədəniyyətlərarası dialoq məkanı kimi tanındığı, milli mənsubiyyətindən, dilindən və dinindən asılı olmayaraq, multikulturalizm və tolerantlığın xalqımızın gündəlik həyatının ayrılmaz hissəsi olduğu vurğulanıb. Bu xüsusda, mayın 1-3-də Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi xatırlanıb, milli sərhədləri aşan qlobal problemləri müzakirə etmək üçün dünya liderlərinin, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycanda bir araya gələcəkləri bildirilib.
N.Qurbanova Azərbaycan ərazilərinin 30 illik işğal nəticəsində 67 məscid və İslam mədəni irsinin dağıdıldığını xatırladıb. Deyib ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra Şuşanın tarixi Yuxarı Gövhər Ağa məscidindən yenidən əzan sədaları yüksəlir. İslam Əməkdaşlıq Təşkilatının Şuşa şəhərini 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı elan etdiyini vurğulayan diplomat qonaqları iftar süfrəsindən sonra səfirlik tərəfindən bu münasibətlə təşkil olunmuş fotosərgiyə baxmağa dəvət edib.
Belostok məscidində keçirilən iftar məclisində qonaqlara yerli təamlarla yanaşı, Azərbaycan şirniyyatları ilə çay süfrəsi də təqdim olunub.

Cəmiyyət 2024-04-09 17:48:00