×
A
A
A
Sazlamalar

Azərbaycanın stronqmen yığması dünya çempionatında medal qazanıb

Bakı, 9 aprel, AZƏRTAC

Azərbaycan stronqmençiləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş dünya çempionatında mübarizə aparıblar.
Azərbaycan Stronqmen Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışda ölkəmizi 5 nəfərdən ibarət heyət təmsil edib.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yarışa yollanan milli komanda 1 medala sahib olub. Sahib Bağırov (95 kiloqram) 25-dək rəqibi arasında ikinci yeri tutub.
Dünya çempionatı Azərbaycan Stronqmen Federasiyası üçün əlamətdar olub. Federasiyanın üzvü, beynəlxalq dərəcəli hakim Camal Əhmədzadə ilk dəfə mundialda ədaləti qoruyub.
Milli komandanın digər üzvü Elnurə Bağırova ilk dəfə çıxış etdiyi yarışda medalın bir addımlığında dayanaraq dördüncü olub. Avropa çempionu Nicat Hüseynov (110 kiloqram) zədə səbəbindən mükafatçılar sırasında yer ala bilməyib. O, yarışı səkkizinci pillədə başa vurub.
Yığma dünya çempionatında Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının stronqmen idman növü üzrə vitse-prezidenti Bəxtiyar Quliyevin rəhbərliyi altında mübarizə aparıb. Yarışda 35 ölkədən idmançılar birincilik uğrunda yarışıb.

 

İdman 2024-04-09 17:32:00