×
A
A
A
Sazlamalar

Almaniyanın Münster şəhərində həftəsonu məktəbi fəaliyyətə başlayıb

Bakı, 9 aprel, AZƏRTAC

Almaniyanın Münster şəhərində “Avropa Azərbaycan Mərkəzi”nin nəzdində “Azərbaycan dilini qürur və sevgi ilə öyrən” adlı layihə çərçivəsində həftəsonu məktəbi fəaliyyətə başlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Münster şəhərində yaşayan azərbaycanlı uşaqlara Azərbaycan dilini, tarixini, mədəniyyətini öyrətmək, ana dilinin qorunub saxlanılmasında və inkişafında yaxından kömək göstərməkdir.
Komitədən AZƏRTAC-a bildiriblər ki, açılış mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən “Avropa Azərbaycan Mərkəzi”nin sədri Zaur Əliyev Avropada həftəsonu məktəblərinin açılmasının və çoxalmasının əhəmiyyətindən danışıb.
“Avropa Azərbaycan Mərkəzi”nin sədr müavini Elgiz Haqverdiyev, idarə heyətinin üzvü Vüqar Cəfərov, həftəsonu məktəbin müəllimi Aygün Qasımova və Beynəlxalq İşçi Qrupunun (Arbeitskreis International e.V) sədri Lütfi Yavuz mövzu ilə bağlı fikirlərini bildiriblər.
Tədbirə onlayn formatda qoşulan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva “Avropa Azərbaycan Mərkəzi”ni həftəsonu məktəbinin açılışı münasibətilə təbrik edərək, layihənin uğurla həyata keçirilməsinə yaxından dəstək göstəriləcəyini bildirib.

Cəmiyyət 2024-04-09 17:11:00