×
A
A
A
Sazlamalar

Azərbaycan və Türkiyə ilə münasibət qurmaq Ermənistanın yeganə zəmanətidir - ŞƏRH

Bakı, 9 aprel, AZƏRTAC

Hər bir dövlətin geosiyasi maraqları var və təbii ki, Azərbaycan dövlətinin mövqeyi sırf milli maraqlara əsaslanır. Aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Ermənistan-Avropa İttifaqı üçtərəfli görüşündən əvvəl hər iki tərəfin, yəni, ABŞ Dövlət katibi Antoni Blinkenin və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycan Lideri Prezident İlham Əliyevlə əlaqə saxlamaları bir çox məqamlara işıq salır. Əsas məqam isə ondan ibarətdir ki, bu, Azərbaycanın mövqeyinin onlar üçün çox önəmli olduğunu nümayiş etdirir. ABŞ və Avropa İttifaqı görüşdən əvvəl Azərbaycan Prezidentinin fikrini öyrənməklə onun nüfuzuna hörmət etdiklərini göstərdilər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin “Diplomatiya və müasir inteqrasiya prosesləri” kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Səbinə Qaraşova söyləyib.
Brüssel görüşü ilə bağlı nəinki Ermənistanda, digər dairələrdə də böyük ajiotajın yarandığını diqqətə çatdıran S.Qaraşova qeyd edib: “Göründüyü kimi, ABŞ və Avropa İttifaqı rəhbərliyi üçün də Azərbaycanın mövqeyi çox önəmlidir. Ermənistanın digər dövlətlərlə ikitərəfli münasibətlər qurması, - əgər bu əlaqələr Azərbaycana qarşı yönəlməyibsə və onun üçün təhlükə törətmirsə, - onların daxili işidir. Prezident İlham Əliyev də həm ABŞ Dövlət katibi Entoni Blinken, həm də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə söhbətində bunu açıq-aydın şəkildə bəyan etdi.
Fəlsəfə doktoru vurğulayıb ki, bir dövlət başqa dövlətin daxili işlərinə qarışmağa cəhd edirsə, onun digər dövlətə irad bildirməyə heç bir haqqı yoxdur. “Görüş keçirildi, danışıqlar baş tutdu, Azərbaycan Prezidentinə zənglər edildi. Düşünürəm ki, görüşlə bağlı digər gizli danışıqlar və razılaşmalar da əldə edilib. Yaxın gələcəkdə görüşlə bağlı bəzi gizli detalların da ortaya çıxması mümkündür. O ki qaldı, Ermənistana dəstəyə, burada məqsəd zəif Ermənistanı iqtisadi cəhətdən Rusiya asılılığından qurtarmaqdır. Ermənistan mediası tərəflərin bu ölkəyə təqribən 2 milyard ABŞ dolları kömək edəcəyini yazırdı. Halbuki görüşdən sonra vəd olunan məbləğ çox azdır. Həm də milyon və ya milyard dollar vəsaitlə Ermənistanı Rusiyanın asılılığından çıxarmaq o qədər də asan deyil”.
Bəzi dövlətlərin insan hüquqları məsələsini təzyiq vasitəsi kimi alətə çevirdiklərini vurğulayan S.Qaraşova qeyd edib ki, hər hansı problemin iki tərəfi olur. Dünyanın hegemon dövlətləri təzyiq üçün bir səbəb tapmayanda insan hüquqları məsələsini ortaya atırlar. Bu, təbii ki, hər dövlətin daxili işidir. İnsan hüquqları subyektiv məsələdir. Hər dövlətin öz qanunları var və burada sabitliyin, asayişin qorunması təbii ki, diqqətdə saxlanılır.
Nə siyasətdə, nə də diplomatiyada bir dövlətin başqa dövlətin daxili işlərinə qarışmağa haqqı yoxdur. Məsələn, Çin Xalq Respublikası. Bu ölkə ticari baxımdan digər ölkələr üçün nümunədir. Çin digər ölkələrin daxili işlərinə qarışmamaqla cəlbedici tərəfdaşa çevrilib. Əksinə, Avropa İttifaqı hər hansı ölkə ilə münasibət quranda insan hüquqları məsələsini ortaya atır. Bunu Afrika, Latın Amerikası ölkələrinə münasibətdə də görmək mümkündür.
“Azərbaycan yürütdüyü siyasətlə digər ölkələrə nümunədir və belə demək mümkündürsə, ustad dərsi nümayiş etdirir. Dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev məktəbinin davamçısı Prezident İlham Əliyev böyük siyasi təcrübəsi, iradəsi, diplomatik məharəti ilə Azərbaycan modeli yaradıb”, - deyən dosent vurğulayıb ki, Ermənistanın yalnız bir zəmanəti ola bilər - Azərbaycan və Türkiyə ilə münasibətlər qurmaq. Sülh müqaviləsi, sərhədlərin müəyyən edilməsi və regional layihələrə qoşulması Ermənistanın yeganə xilas yoludur.

 

 

Siyasət 2024-04-09 17:07:00