Mansur Piriyev: Vətəndaşlar saxta qida ekspertlərinə və ixtisas təhsili olmayan diyetoloqlara güvənməməlidir
Bakı, 9 aprel, AZƏRTAC
“Vətəndaşlarımız müxtəlif platformalarda çıxışlar edən saxta qida ekspertlərinə, saxta diyetoloqlara güvənməməli, bu mövzularda yalnız ixtisaslı peşəkar mütəxəssislərə, rəsmi qurumların məlumatlarına və elmi araşdırmaların nəticələrinə etibar etməlidir”.
Bu sözləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev sosial şəbəkələrdə özlərini qida mütəxəssisi kimi təqdim edən şəxslərin vətəndaşlara çoxsaylı tövsiyələr verməsi ilə bağlı AZƏRTAC-ın sualını cavablandırarkən deyib.
O bildirib ki, qida təhlükəsizliyinin təmin olunmasının əsas komponentlərindən biri də əhalinin bu sahədə maarifləndirilməsi və sağlam qidalanma vərdişlərinin aşılanması ilə bağlıdır: “Bu xüsusda son illərdə əhali arasında geniş təbliğat, təşviqat və maarifləndirmə işləri aparılır, müxtəlif layihələr icra olunur. Burada əsas məqsədlərdən biri də məlumatlı və savadlı istehlakçının qida təhlükəsizliyinin təmin olunması prosesində aktiv iştirakını təmin etmək və beləliklə də bu sahədə ictimai nəzarət mexanizmlərini daha da gücləndirməkdir. Təsadüfi deyil ki, əvvəlki dövrlə müqayisədə indi qida təhlükəsizliyi, qida zənciri, sağlam qidalanma və s. bu kimi mövzular insanların, media subyektlərinin əsas müzakirə mövzularından birinə çevrilib. Bu, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə hesablanmış irimiqyaslı fəaliyyətlər nəticəsində mümkün olub. Ancaq təəssüf hissi ilə deməliyəm ki, cəmiyyətimizdə bu mövzuların aktuallığını görən, sahə ilə uzaqdan-yaxından heç bir əlaqəsi olmayan, özlərini hər mövsüm fərqli sahələr üzrə ekspert kimi təqdim etməyə vərdiş etmiş “maraqlı” şəxslər bu axına qoşularaq əhalinin xüsusi həssaslıqla yanaşdıqları mövzularda radikal paylaşımlar edir, reytinq və populyarlıq üçün açıqlamalar verirlər”.
M.Piriyev deyib ki, insanlarda çaşqınlıq və bəzən narahatlığa səbəb olan bu cür yalan və məsuliyyətsiz açıqlamalar elmi əsaslar və sübutlarla daha ciddi media qurumları vasitəsilə təkzib olunur və məsələnin əsil mahiyyəti peşəkar mütəxəssislər tərəfindən izah edilir: “Xüsusilə sosial şəbəkələrin əsas informasiya ötürücüsünə çevrildiyi indiki şəraitdə biz izləyici, paylaşım sayını artırmağa hesablanmış və ucuz reklam məqsədi daşıyan belə paylaşımları daha çox görürük. Vətəndaşlarımız müxtəlif platformalarda addımbaşı qarşılarına çıxan bu cür saxta qida ekspertlərinə, diyetoloqlara güvənməməli, insan sağlamlığı ilə birbaşa bağlı olan bu mövzularda yalnız ixtisaslı peşəkar mütəxəssislərə, rəsmi qurumların məlumatlarına və elmi araşdırmaların nəticələrinə etibar etməlidir”.
Həkim-diyetoloq, Azərbaycan Nutrisiologiya və Diyetologiya Assosiasiyasının sədri İlqar Şamilov isə AZƏRTAC-a deyib ki, saxta ekspertlərin, saxta diyetoloqların sayı artır: “Diyetologiya gündən-günə inkişaf edən sahədir. Bu vacib sahə insanların və medianın əsas müzakirə mövzularından birinə çevrilib. Təəssüf ki, dırnaqarası ekspertlər mövzuların aktuallığını görüb reytinq naminə əsassız paylaşımlar edir, açıqlamalar verirlər. Bu isə əhali arasında çaşqınlıq yaradır.
Nutrisiologiya və Diyetologiya Assosiasiyası olaraq hər kəsi saxta diyetoloqlara güvənməməyə, yalnız peşəkar mütəxəssislərə, dövlət qurumlarının açıqlamalarına etibar etməyi çağırırıq”.
BDU və ARB 24-ün birgə layihəsi olan növbəti “NewsLab” təlim proqramı yekunlaşıb
Azərbaycan “Şum” Ümumrusiya Gənclər Təhsil Forumunda təmsil olunub
Ombudsman Aparatında türkiyəli professor İlber Ortaylı ilə görüş keçirilib
Akkan Suver: Azərbaycan COP29-a ev sahibliyi etməklə bəşəriyyətə böyük ehtiramını nümayiş etdirir