Niderlanddakı Azərbaycan diaspor təşkilatları iqlim fəalı Qreta Tunberqlə bağlı bəyanatlar yayıblar
Bakı, 9 aprel, AZƏRTAC
Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi, Benilüks Azərbaycanlıları Konqresi, Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu tanınmış isveçli iqlim fəalı Qreta Tunberqin Haaqada saxlanılması ilə bağlı bəyanat yayıblar.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, adıçəkilən diaspor təşkilatları bəyanatlarında Q.Tunberqin saxlanılmasından narahatlıqlarını ifadə ediblər.
Bəyanatda vurğulanıb ki, Q.Tunberq şənbə günü Niderlandda keçirilən nümayişdə polis tərəfindən iki dəfə bir neçə saatlıq saxlanılıb. O, əvvəlcə Haaqaya gedən əsas magistral yolu bağlamağa çalışan etirazçılarla birlikdə yerli polis tərəfindən qısa müddətə saxlanılıb. Sərbəst buraxıldıqdan sonra Q.Tunberq qısa zamanda dəmiryol vağzalına gedən başqa yolu bağlayan kiçik etirazçılar qrupuna qoşulub. Orada onu ikinci dəfə saxlayaraq polis mikroavtobusuna mindirib və ərazidən uzaqlaşdırıblar.
Etiraz aksiyasının təşkilatçısı “Extinction Rebellion”un sözçüsü “Reuters”ə açıqlamasında bildirib ki, Q.Tunberq bir neçə saat saxlandıqdan sonra axşam yenidən sərbəst buraxılıb.
İqlim fəalı jurnalistlərə dünya ekzistensial böhranla üzləşdiyi üçün etiraz etdiyini söyləyərək deyib: “Biz planetar fövqəladə vəziyyətdəyik. Biz insanların həyatlarını və dolanışıqlarını itirməsinə, “iqlim qaçqınları”na çevrilməsinə imkan verməyəcəyik”.
Bəyanatın sonunda deyilir: “Tanınmış iqlim fəalı Qreta Tunberqin dinc nümayiş zamanı saxlanılması bizi narahat edir. Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ev sahibi olacağı üçün biz Niderland hakimiyyətini iqlim etirazlarının iştirakçılarının ifadə azadlığına hörmət bəsləməyə və saxlanılanları azad etməyə çağırırıq”.
Bəyanatlar Niderland Krallığının hüquq-mühafizə orqanlarına təqdim edilib.
Etibar İbrahimov: Şah dili brendinin formalaşmasına və məşhurlaşmasına nail olmuşuq
Şuşa-Ağdərə-Kəlbəcər rayonlarının ərazisini əhatə edən yeni milli park yaradılacaq