×
A
A
A
Sazlamalar

Akademik İsa Həbibbəyli Mirzə Uluqbəyin 630 illiyinə həsr olunmuş elmi konfransda çıxış edib

Bakı, 9 aprel, AZƏRTAC

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Füzuli şəhərində böyük alim və görkəmli dövlət xadimi Mirzə Uluqbəyin 630 illiyinə həsr olunmuş ilk beynəlxalq elmi konfransda iştirak edib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə təşkil olunan konfransda akademik İsa Həbibbəyli çıxış edib.
AMEA-nın prezidenti Azərbaycan-Özbəkistan əlaqələrinin son illərdə liderlərin sıx dostluq və qardaşlıq münasibətləri sayəsində özünün ən yüksək dövrünü yaşadığını bildirib. Diqqətə çatdırıb ki, ölkələrimiz arasında ikitərəfli əlaqələr bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində sürətlə inkişaf etməkdədir. İsa Həbibbəyli ötən il Füzuli şəhərində Prezident İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılmasının Azərbaycan-Özbəkistan dostluğunun, qardaşlığının və əlaqələrinin növbəti mühüm təzahürü olduğunu söyləyib. O, dövlətlərimiz arasında bir çox sahədə olduğu kimi, Özbəkistanın elm və ali təhsil müəssisələri ilə də sıx əlaqələrin qurulduğunu bildirib. Qarabağın işğaldan azad edilməsindən sonra elmi və mədəni mühitinin inkişafı istiqamətində də ciddi addımların atıldığını deyib.
İsa Həbibbəyli “Böyük Qayıdış” hərəkatı çərçivəsində təşkil olunan ilk böyük beynəlxalq elmi konfransın keçirilməsini tarixi hadisə kimi dəyərləndirib: “Hesab edirəm ki, görkəmli dövlət xadimi Mirzə Uluqbəyin 630 illiyinə həsr olunmuş konfrans Qarabağımızın həm quruculuq baxımından, həm də elmi, mədəni baxımından inkişafı istiqamətində ölkəmizdə aparılan siyasətin həyata keçirilməsində mühüm bir addım, tarixi hadisədır”.
AMEA rəhbəri bildirib ki, görkəmli özbək mütəfəkkiri və hökmdarı Mirzə Uluqbəy dövrünün riyaziyyatçısı, astronomu olmaqla elmin, təhsilin inkişafına mühüm töhfələr verib, mədrəsələr, kitabxanalar açmaqla xalqının maariflənməsində önəmli rol oynayıb, tərtib etdiyi ulduz kataloqu ilə adını həm də tarixə böyük alim kimi yazdırıb.
Akademik İsa Həbibbəyli AMEA Rəyasət Heyəti və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr olunmuş bir çox kitabları məktəbin kitabxanasına hədiyyə edib. Kitablar arasında “Azərbaycan ədəbiyyatı tarixi” oncildliyi, “Molla Nəsrəddin” ensiklopediyası və digər fundamental əsərlər yer alıb.

Elm və təhsil 2024-04-09 14:24:00