×
A
A
A
Sazlamalar

Vidadi Rzayev: Prezident Gəncədə yeni stadionun təməlini qoymaqla bizi sevindirdi

Bakı, 9 aprel, AZƏRTAC

“Gəncə futbol veteranlarının adından Prezident İlham Əliyevə təşəkkür edirəm”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Vidadi Rzayev Prezident İlham Əliyevin aprelin 9-da Gəncə şəhərində yeni stadionun təməlini qoyması barədə danışarkən deyib.
57 yaşlı mütəxəssis bir gəncəli olaraq qürur hissi keçirdiyini vurğulayıb: “Bizim şəhər hər zaman futbolla nəfəs alıb. Dövlətimizin başçısı biz gəncəliləri sevindirdi. Prezidentin qayğısı sayəsində bundan sonra Gəncədə futbol daha da inkişaf edəcək. Yeni tikilən akademiya, məşq stadionları möhtəşəmdir. Doğma şəhərim üçün xeyirli olsun”.
O, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) yeni seçilən rəhbərliyi barədə də fikirlərini bölüşüb: “AFFA-da dəyişiklik oldu. AFFA-nın prezidenti Rövşən Nəcəfi yeni vəzifəsi münasibətilə təbrik edirəm. Ümid edirəm ki, hər şey Azərbaycan futbolunun xeyrinə olacaq. Futbol ictimaiyyətində bu idman növünə aid şəxslərin olması daha önəmlidir. İnanıram ki, veteran futbolçulara da xüsusi diqqət ayrılacaq”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhər stadionunun təməlini qoyub.

İdman 2024-04-09 14:21:00