×
A
A
A
Sazlamalar

Zamanın başlanğıcını görə bilərikmi?

Bakı, 9 aprel, AZƏRTAC

İşığın kosmosda hərəkət etməsi və teleskoplarımıza çatması üçün müəyyən vaxt keçir. Yəni, kosmosa baxmaq həm də zamanda geriyə səyahətdir. Bu, hətta bizə olduqca yaxın olan obyektlər üçün də keçərlidir. Günəşin gördüyünüz işığı onu təxminən 8 dəqiqə 20 saniyə əvvəl tərk edib. Yəni, Günəş işığının Yerə çatması üçün bu qədər vaxt lazım gəlir. Nisbətən dəqiq hesablama isə teleskopların yardımı ilə mümkündür.
AZƏRTAC “Study Finds” saytına istinadla xəbər verir ki, “James Webb” indiyədək hazırlanan ən qabaqcıl kosmik teleskoplardan biridir. Onun planlaşdırılması 25 il, inşası isə 10 ildən çox davam edib. Teleskop 2021-ci il dekabrın 25-də kosmosa buraxılıb və bir ay ərzində son təyinat yerinə çatıb. Güzgüsünün diametri təxminən 6,5 metr olan teleskopun kosmosda yerləşməsi kainatı nisbətən maneəsiz şəkildə görməyə imkan verir.
“James Webb” 1990-cı ildə orbitə buraxılan və hazırda da fəaliyyət göstərən “Hubble” kosmik teleskopundan təxminən üç dəfə böyükdür və daha uzaq qalaktikaları görə bilir. Onun ən müasir alətləri uzaq kosmik obyektlərin tərkibi, temperaturu və hərəkəti haqqında məlumatları toplayır. Astronomlar “James Webb” teleskopunu naməlum kainata açılan pəncərə hesab edirlər.
Bəs bu cihaz neçə il keçmişə baxa bilər? Təxminən 13,5 milyard il! Bunu asanlıqla hesablamaq mümkündür. Bütün işıqlar - istər günəş işığı, istərsə də evimizdəki lampa - saniyədə təxminən 300 min kilometr sürətlə yayılır. Bu, dəqiqədə 18 milyon kilometr sürət deməkdir. Obyekt nə qədər uzaqdırsa, onun işığı da bizə bir o qədər gec çatır. Bunu nəzərə alsaq, 40 trilyon kilometr uzaqlıqdakı “Proxima Centauri” ulduzunun işığının Yerə çatması üçün dörd ildən bir qədər çox vaxt lazım olduğunu hesablaya bilərik. Yəni həmin ulduz alimlərin dediyi kimi, Yerdən dörd işıq il qədər uzaqdadır.
Bu yaxınlarda “James Webb” elmə məlum olan ən uzaq “Earendeli” ulduzunu müşahidə edib. Onun işığının təxminən 12,9 milyard il yaşı olduğu müəyyənləşib. Beləliklə, bu kosmik teleskop digərlərinə nisbətən daha çox geriyə baxa bilir. Məsələn, “Hubble” teleskopu obyektləri insan gözünün görə biləcəyindən 60 min dəfə uzaq, “James Webb” isə ondan doqquz dəfə daha uzaq görə bilir.
“Big Bang” (Böyük Partlayış) kainatımızın başlanğıcını təyin etmək üçün istifadə edilən bir termindir. Alimlər bunun təxminən 13,8 milyard il əvvəl baş verdiyinə inanırlar. Bu, kainatımızın tarixinin izahları arasında ən çox qəbul edilən nəzəriyyədir. Onlar “Big Bang” nəzəriyyəsinin kainatın hər yerində sürətlə genişlənən kosmosu daha yaxşı izah etdiyini düşünürlər. Alimlərin fikrincə, “Böyük Partlayış”dan bir neçə yüz milyon il sonra ilk ulduzlar və qalaktikalar meydana gəlməyə başlayıb.

Elm və təhsil 2024-04-09 13:45:00