×
A
A
A
Sazlamalar

Tarix Muzeyi “Naxçıvan – qədim diyar” mövzusunda müsabiqə elan edir

Bakı, 9 aprel, AZƏRTAC

Mayın 7-8-də Milli Azərbaycan Tarixi Muzeyində “Milli-mədəni irsin təbliği” layihəsi əsasında “Naxçıvan – qədim diyar” adlı rəsm və əl işlərindən ibarət müsabiqə-sərgi keçiriləcək.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycanın qədim diyarı Naxçıvanın tarixini, maddi mədəniyyətini gənc nəslə daha yaxından tanıtmaq, gözoxşayan təbiətini təbliğ etməkdir.
Təqdim olunan incəsənət nümunələrinin Naxçıvanın maddi mədəniyyətini, təbiətini əks etdirməsi əsas şərtlərdən biridir. Müsabiqədə mövzuya uyğun rəsm əsəri, tikiş, toxuculuq məmulatı, dekorativ tətbiqi sənət, gipsdən düzəldilmiş fiqurlar, heykəltaraşlıq nümunələri, applikasiya və s. hazırlanmış əl işləri ilə respublikanın müxtəlif regionlarından istedadlı, bacarıqlı hər kəs iştirak edə bilər.
Müsabiqə 2 mərhələdə - I təsviri incəsənət, II tətbiqi incəsənət nümunələri üzrə keçiriləcək. İncəsənət xadimlərindən, sənətşünaslardan, rəssamlardan ibarət Münsiflər heyəti tərəfindən hər iki mərhələ üzrə 3 nəfər qalib seçilib elan olunacaq. Hər bir iştirakçıya sertifikat təqdim olunacaq, qaliblərə mükafat və fəxri fərman veriləcək.
Hər bir iştirakçı müsabiqəyə 1 iş göndərə bilər. Əl işləri təqdim edilərkən müəllif haqqında ətraflı məlumat - adı, soyadı, atasının adı, təvəllüdü, oxuduğu məktəb, ali məktəb, işlədiyi müəssisə və əlaqə vasitəsi qeyd olunmalıdır. Əl işləri Milli Azərbaycan Tarixi Muzeyi İnnovasiya və təhsil proqramları şöbəsinə (H.Z.Tağıyev küç. 4) təqdim olunmalıdır.
Müsabiqədə iştirak üçün mayın 5-dək müraciət etmək olar.
Əlavə məlumat üçün əlaqə nömrələri: 055-665-52-57; 055-734-76-64 Ünvan: Milli Azərbaycan Tarixi Muzeyi H.Z.Tağıyev küçəsi 4.

Elm və təhsil 2024-04-09 13:07:00