×
A
A
A
Sazlamalar

Fərhad Hacıyev: Dördüncü “Yüksəliş” müsabiqəsinin iştirakçıları arasında dövlət qurumlarında çalışanlar üstünlük təşkil edir

Bakı, 9 aprel, AZƏRTAC

Dördüncü “Yüksəliş” müsabiqəsinin iştirakçıları arasında dövlət qurumlarında çalışanlar üstünlük təşkil edir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev söyləyib. O bildirib ki, müsabiqəyə 8 min 961 nəfər (56.08 faiz) dövlət qurumlarında çalışan iştirakçı qoşulub: “İştirakçılardan 6 min 665 nəfəri (41,71 faiz) özəl sektorda, 204 nəfəri (1,28 faiz) qeyri-hökumət təşkilatlarında, 148 nəfəri (0,93 faiz) beynəlxalq qurumlarda çalışır”.
Qeyd edək ki, dördüncü “Yüksəliş” müsabiqəsinə 15 min 877 nəfər müraciət edib.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
Müsabiqənin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.
Növbəti - dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

Elm və təhsil 2024-04-09 12:56:00