×
A
A
A
Sazlamalar

Musiqi məktəbinin direktoru: Uşaqlara musiqini sevdirmək bizim vəzifəmizdir

Bakı, 9 aprel, Səbinə Mütəllim-zadə, AZƏRTAC

AZƏRTAC musiqinin insanın həyatında rolu haqqında peşəkar musiqiçilər və müəllimlərlə müsahibələr silsiləsini davam etdirir. Budəfəki həmsöhbətlərimiz Rəşid Behbudov adına 2 nömrəli 11 illik musiqi məktəbinin əməkdaşlarıdır.
Məşhur sənət ocağı olan bu musiqi məktəbi fəaliyyətinə 1931-ci ildə başlayıb. Onun məzunları arasında Xalq artistləri Musa Mirzəyev, Zöhrab Adıgözəlzadə, Şəfiqə Eyvazova, Əməkdar incəsənət xadimləri, musiqişünas İmruz Əfəndiyeva, Gövhər Həsənzadə, Elnur Əhmədov, müğənni Fərqanə Qasımova və başqaları var. 1990-cı ildə məktəbə dünyada məşhur müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovun adı verilib. Bu təhsil ocağı 2006-cı ildən bəri onbirillik təhsil sisteminə keçib. Son zamanlar məktəbdə musiqi təhsilinin təkmilləşdirilməsi üzrə iş aparılır, şagirdlər müxtəlif möhtəşəm konsert zallarında çıxış edirlər, respublika və beynəlxalq müsabiqələrdə uğurlar qazanırlar.
Məktəbin direktoru Səadət Eminova, nəzəri fənlər üzrə müəllim Natəvan Əhmədova, ümumi fənlər şöbəsinin müdiri Rəşidə Məmmədzadə və orkestr alətləri şöbəsinin müdiri Mehriban Ağayeva AZƏRTAC-ın müxbirləri ilə söhbətdə iştirak ediblər.

İlk növbədə, həmsöhbətlərimiz müasir musiqi təhsili sisteminin necə qurulduğundan və musiqinin uşağın inkişafında əhəmiyyətindən bəhs ediblər.
Səadət Eminova: “İndi musiqi məktəblərində müxtəlif fikirlər var. Hazırda nazirlikdə məktəblərin profilini dəyişməklə bağlı yeni ideyalar yaranıb. Amma fikrimcə, ola bilsin ki, peşəkar musiqiçi olmaq istəyənlər üçün tədris ayrı, həvəskarlar üçün isə fərqli olmalıdır. Bütün hallarda bir özül tələb olunur. Az da olsa, bünövrə olmalıdır! Uşaqlara musiqini sevdirmək vəzifəsi də bizim üzərimizə düşür. Əsas məsələ sevdirməkdir”.
Natəvan Əhmədova: “Musiqi uşağın ümumi, hərtərəfli inkişafı üçün lazımdır. Biz musiqi məktəbimizdə təhsil alan uşaqlarla onların ümumi dünyagörüşünün inkişafı istiqamətində iş aparırıq. Misal üçün, məktəbimizdə musiqi ədəbiyyatı fənni var. Biz orada müxtəlif operalardan danışırıq, onların süjetini açırıq. Uşaqlar bu fənn əsnasında şairlərin, yazıçıların əsərləri ilə tanış olurlar. Biz əsərlərin məzmunundan söhbət edirik. Bu dünyagörüşü üçün çox faydalıdır. Məktəbimizin məzunları hərtərəfli inkişaf etmiş uşaqlardır”.
Rəşidə Məmmədzadə: “Musiqi uşağın təfəkkür aparatını formalaşdırır. Bu vasitə ilə şagirdə nitqini formalaşdırmağı, fikrini çatdırmağı və düşüncələrini öz sözləri ilə ifadə etməyi öyrədirik. Biz hər zaman onun əsər haqqında nə düşündüyünü soruşuruq. Eyni zamanda, manual dərslər keçirik. Daha sonra uşaq fikrini barmaqları vasitəsilə çatdırmağı öyrənir. Onları buna 6 yaşından alışdırırıq. Təfəkkür aparatı ilə birbaşa əlaqəli olan bu barmaq uclarını düzgün ifa etmək üçün alışdırırıq. Hətta orta səviyyəli uşaq artıq 7-ci sinfə qədər adi uşaqla müqayisədə daha dərindüşüncəli olur”.
Mehriban Ağayeva: “Daha bir vəzifəmiz uşağa mənimsədiyi bilikləri göstərmək üçün səhnəyə çıxmağı öyrətməkdir, bunu isə hər uşaq edə bilməz. Bu, gələcəkdə onlara çox kömək edir, çünki uşaqlar hansısa konfranslarda çıxış edə bilərlər. Bu, daha sonra musiqi sahəsini davam etdirməyənlərə aiddir. Bizdə imtahan qapalı akademik konsertdir. Uşaqlar komissiya qarşısında səhnəyə çıxırlar. Müəllim üçün də lazımdır ki, şagirdi səhnəyə çıxsın, o, bu halda uşağı kənardan qiymətləndirməyə başlayır, onu daha yaxşı tanıyır, hansı istiqamətə yönəldəcəyini başa düşür. Uşaq komissiya qarşısında - səhnədə artıq fərqli ifa edir. Təbii ki, bu həyəcandır! Ancaq belə vəziyyət onu tərbiyə edir, özünü ələ almağı öyrədir”.
Həmsöhbətlərimizin fikrincə, müsabiqələr tədris prosesində mühüm rol oynayır.
Mehriban Ağayeva: “Müsabiqələr, əlbəttə ki, lazımdır. Digər tərəfdən, bunlar uşaqdır, müəyyən bir yer tutmayanda, çox pərişan olurlar. Biz onları əvvəlcədən buna hazırlayırıq. Biz deyirik ki, hər şey ola bilər, sən hər şeyə hazır olmalısan. Uşaqlar fərqli olur. Kimisi sınır. Müsabiqə - sınaqdır və uşaqların xarakterinin formalaşması üçün lazımdır”.
Natəvan Əhmədova: “Uşaqlar müsabiqələrdə formalaşır. Müəllim şagirdinin səviyyəsini bilir. O, hətta əvvəlcədən müsabiqəyə yollanan uşağın heç bir yer tutmayacağı qənaətində ola bilər. Lakin bu, uşaq üçün lazımdır. Çünki o, bərkiməlidir. Məğlub olmağı bacarmalıdır. Əvvəlcə o, bir neçə dəfə məğlub ola bilər. Sonra görürsən ki, birinci yerin qalibi olur! O, bilməlidir ki, hər zaman qalib gələ bilməz. Bu, ona gələcək həyatda da lazım olacaq. Hər hansı bir işi öhdənə götürəndə, əlbəttə ki, qalib olmaq istəyirsən. Lakin bu, həyatdır. Sən məğlub olmağı da bacarmalısan”.
Səadət Eminova: “Gənc musiqiçilər mütləq beynəlxalq müsabiqələrdə iştirak etməlidir. Onlar həm öz musiqimizi, həm də xarici musiqini bizim ifamızda təqdim etməlidir. Bundan başqa, sosial şəbəkələr, yutub kanalları var, onların sayəsində biz hamımız gənc musiqiçiləri izləyirik. Biz özümüz də onlardan zövq alırıq! Həmçinin istedadlı gənclərimizi də tanıtmaq lazımdır. Fikrimcə, biz artıq Azərbaycanı dünyada tanıtmağa başlamışıq”.
Musiqi məktəbin əməkdaşları Azərbaycan musiqiçilərinin beynəlxalq səviyyəyə çıxarılması üçün daha hansı işlərin görülməsi barədə fikirlərini bölüşüblər.
Natəvan Əhmədova: “Əslində, son zamanlar bu sahədə xeyli iş görülür. Azərbaycan artıq dünyada tanınır. İnsanlar bilir ki, Azərbaycan xalqı həqiqətən də çox istedadlıdır”.
Səadət Eminova: “Bizim uşaqlarımız xaricdə təhsil alırlar. Avstriya, İtaliya, Rusiya və digər ölkələrdə. Onlar bir çox səhnələrdə çıxış ediblər və artıq öz sözlərini deyiblər. Bəziləri xaricdə təhsil alandan sonra Vətənə fayda vermək üçün qayıdırlar. Elə etmək lazımdır ki, bizim istedadlı gənclərimizi buradan qaçırmayaq, rahat qayıda bilsinlər və layiqli iş tapsınlar”.
Rəşidə Məmmədzadə: “Onlar burada xarici təcrübəni tətbiq edə bilərlər. Öz sistemini yarada bilərlər. Bu, çox maraqlı ola bilər!”
Səadət Eminova: “İndi bizdə işçi qrupu fəaliyyət göstərir. Mən da onun tərkibinə daxiləm. Yaşıdlarım və gənc nəsil bir araya gəlirik: onların çox gözəl fikirləri var. Əlbəttə ki, biz daha çox özümüz keçdiyimiz klassik məktəbə öyrəşmişik. Nə qədər də desələr, hesab edirəm ki, ilk təhsil bizim vaxtımızda olduğu kimi verilməlidir. Daha sonra isə gənc musiqiçilər gedəcəyi yolu özləri seçə bilərlər.
Mən çox xoşbəxt insanam ki, Rəşid Seyidzadənin tələbəsi olmuşam. Bu, çox böyük şərəf idi. O, böyük şəxsiyyət olub. Onun kimi müəllimlər bu klassik musiqini sevən insanları, bizim dünyagörüşümüzü formalaşdırıb. Müəllimim bizlərə - öz şagirdlərinə musiqini sevdirib, mədəniyyəti öyrədib. Buna görə ona çox minnətdaram. Musiqiçi peşəsini seçdiyimə görə heç vaxt peşman olmamışam! İndi isə vəzifəmiz uşaqlara musiqini sevdirməkdir”.

Mədəniyyət 2024-04-09 12:22:00