×
A
A
A
Sazlamalar

Qərbin regionda əsl niyyəti nədir? ŞƏRH

Onlar üçün prioritet məsələ Ermənistanın qələbəsi yox, regionda vəziyyəti qeyri-sabit vəziyyətə gətirməkdir

Bakı, 8 aprel, Rabil Kətanov, AZƏRTAC
Bəzi Qərb dövlətlərinin, xüsusilə də Fransanın Ermənistana siyasi və hərbi dəstək verərək yeni münaqişəyə cəlb etmək istəyinin arxasında geosiyasi motivlərin dayandığı şübhəsizdir.
Lakin bu gün Ermənistanın iqtisadi və hərbi gücü yeni müharibə etməyə çatarmı?
Almaniyanın Kil Universiteti yanında fəaliyyət göstərən Təhlükəsizlik İnstitutunun direktoru Ştefan Hansen qeyd edib ki, 2020-ci ildə baş verən 44 günlük müharibədən sonra Ermənistanın məğlubiyyəti onun ordusunun dağılmasına və iqtisadiyyatının çökməsinə səbəb olub. Bu səbəbdən də Ermənistan yenidən müharibəyə başlamaq imkanında deyil.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun 2023-cü il üçün hazırladığı hesabatda deyilir ki, Ermənistanın 2021-2023-cü illər ərzində hərbi büdcəsi 600 milyondan 1 milyard 200 milyon dollara çatıb. Həmin dövrdə Azərbaycanın hərbi büdcəsi isə 2 milyard 700 milyondan 3 milyarda 560 milyon dollara kimi artıb.
ABŞ-ın Global Firenpower (GPF) Analitik Mərkəzi 2023-cü il üçün dünya dövlətlərinin hərbi gücünü qiymətləndirmək üçün hazırladığı hesabatda göstərilir ki, hərbi gücünə görə 145 dövlət arasında Ermənistan 102-ci, Azərbaycan isə 59-cu yerdə qərarlaşıb. İnsan resursları və iqtisadi imkanları Ermənistana müasir ordu qurmaq imkanı vermir. Ermənistanın 3 milyon əhalisinin təxminən yarısı, Azərbaycanın isə 10 milyon əhalisinin 38 faizi hərbi xidmətə yararlıdır ki, bu da çox böyük rəqəmdir.
Lakin bütün bunlara baxmayaraq bir sıra Qərb dövlətlərinin, xüsusilə də Fransanın Ermənistanı yenidən hərbi münaqişəyə cəlb etməsinin arxasında heç də ermənilərə olan sevgisi deyil, özünün geosiyasi maraqları dayanır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, rəsmi Paris üçün prioritet məsələ Ermənistanın qələbəsi yox, regionda vəziyyəti qeyri-sabit vəziyyətə gətirib, sonra “sülh yaratmaq missiyası” adı altında müdaxilə etməkdən ibarətdir.
Rusiyalı hərbi ekspert İqor Nikulin “Известия” qəzetinə verdiyi müsahibədə bildirib ki, Qərbin məqsədi Rusiyaya qarşı ikinci cəbhə xəttini açmaqdır. Buna görə də Ermənistanı silahlandırıb özünün geosiyasi oyunlarında istifadə etməyə cəhd edir.
Fransanın məqsədi regionda sabitlik yaratmaqdırsa, Azərbaycanın dəfələrlə beynəlxalq tribunalardan hərbi münaqişəyə başlamaq niyyətinin olmadığını bəyan etməsinə baxmayaraq Ermənistanı hansı məqsədlə silahlandırır? Azərbaycan torpaqlarını işğaldan azad edib və bu gün əsas məqsədi həmin rayonları bərpa edib, məcburi köçkün düşmüş əhalini öz evlərinə yerləşdirməkdən ibarətdir. Buna baxmayaraq cari ilin fevralında Fransanın müdafiə naziri Ermənistana səfər edib və iki ölkə arasında hərbi əməkdaşlıq haqqında sənəd imzalanıb. Yerevanda fəaliyyət göstərən Regional Demokratiya və Təhlükəsizlik Mərkəzinin məlumatına görə imzalanan sənədə əsasən Fransa Ermənistana əlavə olaraq “Bastion” zirehli maşınları, GM200 radar sistemləri, “Mistral” zenit-raket və hava hücumundan müdafiə kompleksləri, snayper tüfəngləri və gecə görmə cihazları, artilleriya qurğuları verəcək. Bununla yanaşı Fransa Ermənistana hərbi məsləhətçilər göndərəcək və erməni hərbçilər Fransanın Sen-Sir ümumqoşun hərbi məktəbində təhsil alacaqlar.

Aprelin 5-də Brüsseldə baş nazir Nikol Paşinyanın ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşünün nəticəsi olaraq Ermənistana 335 milyon dollar həcmində maliyyə dəstəyinin göstərilməsi regionda Azərbaycanın apardığı sülh prosesinə maneə olan amildir. Bu günə kimi Ermənistanın həmişə maliyyə dəstəyinə ehtiyacı olub. Lakin Azərbaycan Ordusunun öz torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra Qərbin bu ölkəyə hərbi və maliyyə yardımı göstərməsi faktı onların regionda sülhün hökm sürməsində maraqlı olmadıqlarının sübutudur.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov Brüssel görüşünə münasibət bildirərək qeyd edib ki, Ermənistanın separatçı rejimin Yerevanda “nümayəndəliyini” bağlamaması, işğalda qalan sərhədyanı kəndləri azad etməyə tələsməməsi, qanunvericiliyindən Azərbaycana qarşı ərazi iddialarını əks etdirən maddələri çıxarmaması, üstəlik Qərbdən hərbi və maliyyə yardımları alması açıq-aşkar təhdiddir və Azərbaycan buna biganə qala bilməz.
Beləliklə, Qərbin Ermənistana himayədarlıq etməsi rəsmi Yerevanı revanş etməyə ruhlandırmaqdan başqa bir şey deyil. Lakin hərbi qüvvələr nisbətinə baxanda Azərbaycanın hər sahədə güclü olduğu aydın şəkildə özünü göstərir. Heç şübhəsiz ki, Azərbaycan öz milli maraqlarını müdafiə etməkdən bir addım da olsun geri çəkilməyəcək və baş verə biləcək hər hansı bir neqativ nəticəyə görə məsuliyyət Ermənistan və “müttəfiqlərinin” üzərinə düşəcək.

 

Siyasət 2024-04-08 20:36:00