×
A
A
A
Sazlamalar

Şəhidlərin ailə üzvləri MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanış olublar

Bakı, 8 aprel, AZƏRTAC

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon təşkilatının rəhbərliyi ilə bir qrup şəhid ailəsinin üzvləri AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanış olublar.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, görüş zamanı şəhid polkovnik Babək Səmidlinin bacısı Röksanə Səfərzadə qonaqlara rəhbəri olduğu fond haqqında məlumat verib. O, Azərbaycan kitabxana sistemində ilk dəfə MEK-də yaradılan fondun əsas məqsədini diqqətə çatdırıb, Qarabağ müharibəsinə həsr olunan sənədlərin fondda sistemli şəkildə toplanaraq mühafizə edildiyini vurğulayıb.
Fondla tanışlıq zamanı qonaqlar Ulu Öndər Heydər Əliyevin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş şəkilləri, 50-ə yaxın müharibə iştirakçısının fotolardan ibarət “Qarabağ Azərbaycandır!”, Azərbaycan Respublikasının Xəritəsi üzərində 3000-ə yaxın şəhid adlarının əks olunduğu “Zəfər memarları”, birinci və ikinci Qarabağ müharibəsi, Aprel və Tovuz döyüşləri zamanı şəhid olanların xatirəsini əbədiləşdirmək üçün yaradılan guşələrlə tanış olublar. Onlar 600-dən çox şəhid, qazi və müharibə iştirakçısının həyat və fəaliyyətini əks etdirən məlumatlar, şəxsi sənədlər, onların şəxsi kitablarından ibarət kolleksiyaya baxıblar.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev fondla tanışlıqdan məmnunluğunu ifadə edib. O, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından danışaraq, Ulu Öndərimiz tərəfindən əsası qoyulan bu siyasətin ölkə rəhbəri tərəfindən uğurla davam etdirildiyini bildirib.
Görüşün sonunda Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri Röksanə Səfərzadəyə təşkilatın fəxri fərmanı təqdim edilib.

Elm və təhsil 2024-04-08 18:58:00