×
A
A
A
Sazlamalar

Gəncə şəhərində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində konfrans keçirilib

Bakı, 8 aprel, AZƏRTAC

Gəncə şəhər 29 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində” Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə “Gənc müəllimlərin yaşıl dünya konfransı: ətraf mühit naminə dayanıqlı inkişaf” mövzusunda tədbir keçirilib.
AGMA-dan AZƏRTAC-a bildirilib ki, 350 müəllimin iştirakı ilə keçirilən konfrans öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfransın açılış mərasimində çıxış edən Gəncə şəhəri üzrə təhsil sektorunun müdiri Nərgiz Həsənova gənc müəllimlərin belə bir mühüm mövzuda maarifləndirilməsinin məqsədəuyğun və vacib olduğunu vurğulayıb. Daha sonra AGMA-nın sədri Səkinə Həsənova çıxış edərək öz fikirlərini gənc müəllimlərlə bölüşərək, bu cür təşəbbüslərin əhəmiyyətini vurğulayıb.
Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra panel müzakirəsi başlayıb. Paneldə Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Pərvin Kərimzadə, IDEA İctimai Birliyinin Layihələrin idarəedilməsi şöbəsinin müdiri Zərxanım Ağayeva və Göygöl Milli Parkının direktoru Fuad Quliyev spiker qismində çıxış edərək ekoloji proseslərdə müəllimlərin rolu və təhsilin əhəmiyyəti, ictimaiyyətin iştirakı, şagirdlərin bu proseslərə cəlb edilməsi yolları kimi məsələlərdən söz açıblar.
Daha sonra Azərbaycan Skautlar Assosiasiyasının nümayəndələri Zamin Məmmədov, Ülvi Məmmədov, Avropa Tələbələr Forumu Bakı İctimai Birliyinin sədri Cəsur Mədətzadə və Elm və Təhsil Nazirliyinin eksperti Turab Əhmədov tərəfindən üç müxtəlif otaqda vörkşoplar keçirilib və bununla da konfrans işini yekunlaşdırıb.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun və Gənc Könüllülər İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilən konfransın məqsədi gənc müəllimləri bir araya toplayaraq onları ekoloji proseslərdə aktiv iştiraka təşviq etmək, müəllimlər vasitəsilə şagirdləri bu sahədə maarifləndirməyin yollarını təbliğ etmək, həmçinin təhsilin əhəmiyyəti, ictimaiyyətin iştirakı kimi mövzuları müzakirə etməkdən ibarət olub.

Elm və təhsil 2024-04-08 14:17:00