×
A
A
A
Sazlamalar

Azərbaycanlı alim Misirin nüfuzlu nəşrinə müsahibə verib

Bakı, 8 aprel, AZƏRTAC

Misirin nüfuzlu "Alwafd" qəzetində Misir-Azərbaycan Dostluq Cəmiyyəti və bu ölkədəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovun geniş müsahibəsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, tədqiqatçı-alim Azərbaycan ilə Misir arasında tarixi və mədəni əlaqələrdən söhbət açıb. O, VII əsrdə ərəblərin Azərbaycana ilk gəlişində Misir və Şam qəbilələrinin ölkəmizdə məskunlaşdığını qeyd edib. Son illərdə ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdiyini qeyd edən S.Nəsirov söyləyib ki, keçən ilin yanvarında Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Azərbaycana səfəri ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə böyük töhfə verib.
S.Nəsirov bildirib ki, müxtəlif sivilizasiyaların qovuşduğu məkan olan Azərbaycan əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkə kimi tanınır. Azərbaycanın sadəcə bu gün deyil, qədimdən çoxsaylı xalqların firavan şəkildə yaşadığı ərazi olduğunu vurğulayan alim əlavə edib ki, ölkəmizdə tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olub. Burada multikulturalizmə, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər keçirilir.
Diaspor sədri diqqətə çatdırıb ki, bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin dünyada artan nüfuzunun bariz nümunəsidir.
S.Nəsirov vurğulayıb ki, Azərbaycan xalqı ərazilərinin 20 faizinin işğal altında olduğu 30 ildən çox bir müddətdə ədalətsizliyə və ikili standartlarla rəftara məruz qalıb.
Müsahibədə azərbaycanlı alimin ölkələrimiz arasında əlaqələrin inkişafında elmi fəaliyyətindən də bəhs olunub. Onun araşdırmaları nəticəsində ərsəyə gəlmiş “Ərəb mənbələrində azərbaycanlıların həyat və yaradıcılıqları” adlı ilk əsərdə 100 azərbaycanlı alim və ədib, “Ərəb elminin inkişafında azərbaycanlı alimlərin səyləri” adlı ikinci kitabda isə 150 azərbaycanlı alim haqqında məlumatlar yer alıb.
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən söhbət açan S.Nəsirov diqqətə çatdırıb ki, Cəmiyyətdə Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraətləri və digər fənlər üzrə kurslarda 57 ölkədən 600 dən çox tələbə ödənişsiz təhsil alır.

Cəmiyyət 2024-04-08 10:24:00