×
A
A
A
Sazlamalar

Prezidentin xüsusi nümayəndəsi: Şuşa şəhərinin beynəlxalq əlaqələrini inkişaf etdirməyi nəzərdə tuturuq

Kayseri, 8 aprel, AZƏRTAC

Şuşa şəhərinin beynəlxalq əlaqələrinin inkişafı istiqamətində həyata keçiriləcək layihələrin sayının artacağına ümid edirəm.
Bu fikirləri Türkiyənin Kayseri şəhərində AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhərində xüsusi nümayəndəsi Aydın Kərimov ifadə edib.
A.Kərimov Kayseri şəhərində “Şuşa” Azərbaycan Evinin açılmasını yüksək qiymətləndirib, bununla bağlı təşəbbüs göstərən Talas rayonu bələdiyyəsinə və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.
Prezidentin xüsusi nümayəndəsi əmin olduğunu bildirib ki, “Şuşa” Azərbaycan Evi iki qardaş ölkənin daha da yaxınlaşmasına töhfə verəcək və Azərbaycan ilə Türkiyənin birliyinin yeni bir rəmzinə çevriləcək. O, bununla bağlı Ümummilli Lider Heydər Əliyevin sözlərini sitat gətirib: “Azərbaycan ilə Türkiyə arasında dostluq əbədidir və sarsılmazdır”.
A.Kərimovun sözlərinə görə, “Şuşa” Azərbaycan Evi Azərbaycan xalqının mədəni və tarixi irsinin təbliğinə, geniş ictimaiyyətin Qarabağ regionu və ölkəmizin mədəniyyət paytaxtı haqqında məlumatlandırılmasına yönəlmiş çoxsaylı tədbirlərin keçiriləcəyi məkana çevriləcək. Burada, həmçinin başqa türk xalqlarının da əlamətdar günləri qeyd ediləcək.
Prezidentin xüsusi nümayəndəsi vurğulayıb: “Hazırda Şuşa ilə qardaşlaşmış şəhərlərin sayı doqquza çatıb. Əminəm ki, bu, son hədd deyil. Biz gələcəkdə də əlaqələrin genişlənəcəyinə ümid edirik və buna hazırıq”.

 
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kayseri

Siyasət 2024-04-08 12:50:00