×
A
A
A
Sazlamalar

Havaların yağmurlu keçməsi məhsuldarlığın yüksək olmasına zəmin yaradır – mütəxəssis açıqlaması

Şəki, 8 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkinin təsərrüfatlarında ötən ilin payızında cari ilin məhsulu üçün 58 min 236,1 hektar sahədə taxıl əkilib. Taxıl əkinlərinin 24 min 63,7 hektarını buğda, 34 min 172,4 hektarını arpa sahələri təşkil edir. Hazırda payızlıq taxıl əkinlərində Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Şəki rayon Mərkəzinin mütəxəssislərinin iştirakı ilə zərərli orqanizmlərə (xəstəlik, zərərverici və alaq otlarına) qarşı kompleks mübarizə tədbirləri davam etdirilir.
Mərkəzin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Tələt Mehdiyev AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, mart və aprel aylarında havanın yağmurlu keçməsi əvvəlki iki ildən fərqli olaraq, builki məhsuldarlığın yüksək olmasına zəmin yaradır. Qurumun rəsmisinin sözlərinə görə, martda yağan yağışın miqdarı 190 millimetr olmuşdur ki, bu da aylıq normadan 3 dəfə çoxdur. Ötən ay yağıntının çox olması taxıl sahələri üçün əhəmiyyətli olub, sahələrdə nəzərə çarpacaq dərəcədə böyümə və inkişaf hiss edilir. Eyni zamanda, yağıntının çoxluğu siçanabənzər gəmiricilərin populyasiya sıxlığını da xeyli azaldıb.
Tələt Mehdiyev bildirib ki, səpindən bu günə kimi 7 min 691,6 hektarda siçanabənzər gəmiricilərə, 2 min 868,6 hektarda taxıl böcəyi sürfələrinə, 676 hektarda xəstəliklərə və 17 min 741 hektarda isə alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Hazırda taxıl sahələrində iqtisadi ziyanvurma həddində olan alaq otları, pas xəstəliyi və zərərvericilərə qarşı kompleks mübarizə tədbirləri davam etdirilir.

Regionlar 2024-04-08 12:00:00