×
A
A
A
Sazlamalar

Ötən il ölkəmizdə 54 hemofiliya xəstəsi ilkin qeydiyyata alınıb

Bakı, 8 aprel, AZƏRTAC

Səhiyyə Nazirliyinin dəstəyi və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun təşkilatçılığı ilə Dünya Hemofiliya Gününə həsr olunan “Hemofiliyanın aktual problemləri. Ekspertlərin zirvə toplantısı” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən institutun rektoru, professor Nazim Qasımov hemofiliya xəstələrinin sayının artığına diqqət çəkib: “Hemofiliya ağır, irsi qan xəstəliyidir. Cəmiyyət hemofiliya ilə bağlı daim məlumatlandırılmalıdır. Məqsədimiz xəstələrin müalicəyə əlçatanlığını təmin etmək, onlara göstərilən tibbi xidmət keyfiyyətini yaxşılaşdırmaq, tibb işçilərinin bu sahədə biliklərini artırmaqdan ibarətdir. Hemofiliya xəstələrinin artma səbəbi ekoloji mühit, radiasiya və xüsusilə qohum nikahlardır”.
İstanbul Universitetinin rektoru, professor Osman Bülent Zülfikar Qafqazda ilk Hemofiliya Mərkəzinin Azərbaycanda yaradıldığını vurğulayıb: “Qardaş ölkə Azərbaycanda qeydiyyatda olan xəstələr müayinə, müalicə və reabilitasiya baxımından hər cür xidmətlə təmin olunurlar. Bu olduqca sevindirici haldır”.
Daha sonra Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Hematologiya kafedrasının müdiri, professor, dosent Elmira Qədimova dünyadakı hemofiliya xəstələrinin 80 faizinin lazımi dərman preparatları ilə təmin olunmadığını deyib. O qeyd edib ki, sadəcə 20 faiz ölkələr hemofiliya xəstələrini dərmanla təmin edirlər: “Azərbaycan həmin 20 faiz ölkələr sırasına daxildir. İnkişaf etmiş ölkələrdə olduğu kimi hazırda Azərbaycanda hemofiliya xəstələri ev şəraitində, ambulator və stasionar şəraitdə müalicə alırlar. Ötən il ölkəmizdə 54 hemofiliya xəstəsi ilkin qeydiyyata alınıb və təəssüf ki, onlardan 34 nəfəri 1-18 yaş arasında olan xəstələrdir”.
Konfransda məruzələr və hemofiliya xəstələrinin müalicəsi, onlara yanaşma və digər mövzularda maraqlı çıxışlar dinlənilib.

Cəmiyyət 2024-04-08 11:41:00