Fiziki məhdudiyyətli şəxslər üçün Ramazan tədbiri keçirilib
Bakı, 7 aprel, AZƏRTAC
“Biz bir ailəyik” əlilliyi olan şəxslərə dəstək İctimai Birliyinin və "Erfolg Events" MMC-nin birgə təşkilatçılığı ilə fiziki məhdudiyyətli şəxslər üçün Ramazan tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz və suverenliyimiz naminə canından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Milli Məclisin deputatı Vüqar İskəndərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Vazeh Əskərov, İctimai Birliyin sədri Günay Ağazadə çıxış edərək Ramazan ayının müsəlman aləmi üçün özünəməxsus dəyərə malik olduğunu, mərhəmət qapılarının açıldığını, edilən duaların İlahi dərgaha daha tez ucaldığını vurğulayıblar. Bu gözəl ayda hər kəsin cəmiyyətə xeyir verən əməllərdə bir-biri ilə yarışdığı, insanların Ramazan ayının fəzilətlərindən yararlanmağa çalışdığı qeyd edilib.
Ölkəmizdə aparılan dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bildirən natiqlər əlillərə qayğı siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıblar.
Sosial islahatların dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu, həssas təbəqənin daim Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduğu, onların problemlərinin həlli istiqamətində nəzərəçarpacaq addımlar atıldığı vurğulanıb. Bildirilib ki, xüsusilə fiziki məhdudiyyətli vətəndaşların bacarıqlarının üzə çıxarılması, mədəni istirahətinin təşkili üçün görülən ardıcıl tədbirlər nəticəsində həmin qəbildən olan vətəndaşların cəmiyyətə adaptasiyası istiqamətində müsbət nəticələr əldə olunub.
Ramazan ayında həssas təbəqədən olan vətəndaşlarla bir araya gəlməyin onlara mənəvi dəstəyin daha bir nümunəsi olduğu da qeyd edilib.
Çıxış edənlər hər kəsi qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib, xalqımıza və ölkəmizə əmin-amanlıq, firavanlıq arzulayıblar. Uca Yaradandan ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəmanların ruhuna rəhmət, qazilərə şəfa, Vətən keşiyində dayanan igid oğullara əzm, iradə və ayıq-sayıqlıq dilənib.
Tədbir bədii hissə ilə davam edib. Həm incəsənət xadimləri, həm də fiziki məhdudiyyətli şəxslər müxtəlif musiqi nömrələri ifa ediblər.
Sonda tədbirin təşkilində fəal iştirak edən şirkətlər və könüllülər təltif olunublar.
Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
Elçin Xələfov: Hakimliyə 207 namizəd yazılı imtahanda iştirak edib
Yol-nəqliyyat hadisəsi Bakı-Sumqayıt şosesində sıxlığa səbəb olub
Hakimliyə namizədlər üçün yazılı imtahan keçirilib
FHN: Xırdalanda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb