×
A
A
A
Sazlamalar

Qardabanidə iftar süfrəsi təşkil olunub

Tbilisi, 6 aprel, AZƏRTAC
Gürcüstanın Qardabani rayonundakı Təhsil və İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə iftar süfrəsi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə mərkəzin müəllimləri, Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramiz Hacıyev, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndəsi Sabir Musayev, Qardabanı bələdiyyəsi sədrinin müavini Dünyamalı Hacıyev, din xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin rəhbəri Raul Əliyev və mərkəzin direktoru Çiçək Hüseynova qonaqları salamlayıb, Ramazan ayının fəzilətləri barədə məlumat veriblər.
Bildirilib ki, iftar süfrəsi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunub.
Sonra səfirliyin məsul əməkdaşı Ramiz Hacıyev çıxış edərək səfir Faiq Quliyevin adından tədbir iştirakçılarını təbrik edib, bildirib ki, Ramazan bayramı insanları gözəl əməllərə dəvət edir, onları yer üzündə sülhün, əmin-amanlığın və qardaşlığın bərqərar olması naminə birgə səylər göstərməyə çağırır.
Daha sonra Dünyamalı Hacıyev, Sabir Musayev, Kosalı kənd orta məktəbinin tarix müəllimi Əvəzxan İsayev, Gürcüstan Maarif Təşkilatının rəhbəri Ələddin Qaradağlı və başqaları çıxış edərək Ramazan bayramı ilə bağlı fikirlərini bölüşüblər.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Cəmiyyət 2024-04-06 23:48:00