×
A
A
A
Sazlamalar

Şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Bakı, 6 aprel, AZƏRTAC
Aprelin 6-da “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı, Nərimanov Rayon İcra Hakimiyyəti və “Modern İnkişaf və Ailə” İctimai Birliyinin təşkilatçılığı ilə Ramazan ayı münasibətilə şəhid ailələri və Vətən müharibəsi əlilləri üçün iftar süfrəsi təşkil edilib. İftar süfrəsində 200-ə yaxın insan iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İftar mərasimində çıxış edən “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva on bir ayın soltanı olan Ramazanın fəzilətindən danışıb, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, xalqımıza, dövlətimizə sülh, əmin-amanlıq diləyib.
“Bugünkü xoşbəxt günlərimiz üçün şəhidlərimizə borcluyuq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə torpaqlarımızı işğaldan azad etdikdən sonra bütün bayramlarımızı könülxoşluğu ilə qeyd edirik. Bir daha vurğulayıram ki, bizim onlara mənəvi borcumuz var”, - deyə Zərifə Quliyeva qeyd edib.
Müqəddəs Ramazan ayı münasibətilə tədbir iştirakçılarını təbrik edən “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev bildirib ki, Ramazan bayramı insanları gözəl əməllərə dəvət edir, onları yer üzündə sülhün, əmin-amanlığın və qardaşlığın bərqərar olması naminə birgə səylər göstərməyə çağırır.
“Şəhidlərimiz hamımızın fəxridir. Azərbaycan xalqı və dövləti öz şəhidlərinin xatirəsini ehtiramla yad edir”, - deyə Qalib Əliyev vurğulayıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Vüqar İskəndərov, Müşfiq Məmmədli və digərləri Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olmasını qeyd ediblər. Bildirilib ki, şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlətimizin siyasətinin vacib istiqamətlərindən biridir. Natiqlər dövlət başçısının şəhid ailələri və qazilərə olan diqqəti, dövlətin bu sahəyə olan qayğısından məmnunluqla danışıblar.
Şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

Cəmiyyət 2024-04-06 21:25:00