“Əqli mülkiyyət aylığı” çərçivəsində növbəti təlim keçirilib
Bakı, 6 aprel, AZƏRTAC
Əqli Mülkiyyət Agentliyi tərəfindən elan olunan “Əqli mülkiyyət aylığı” çərçivəsində “Müəlliflik hüququ və əlaqəli hüquqlar” mövzusunda növbəti təlim keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, Müəllif-hüquq obyektlərinin qeydiyyatı və hüquq ekspertizası şöbəsinin müdiri Nadirə Bədəlbəyli məruzə ilə çıxış edib. O, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 17-24-cü maddələrini şərh edib, əsərlərdən şəxsi məqsədlər üçün istifadə, surətçıxarma, sərbəst istifadənin əlamətləri, istisnaların və məhdudiyyətlərin növləri haqqında danışıb.
Daha sonra məruzəçi tərəfindən elektron kitabxanalar və elektron kitabxanalar sisteminin anlayışı, onların xarakterik xüsusiyyətləri, kitabxana fondlarının toplanması, saxlanması və mühafizəsi, elektron resursun profilinə uyğun informasiya bazasının formalaşdırılması, həmçinin “yaradıcılıq” meyarının məntiqi təhlili və əsərdən qeyri-qanuni istifadə barəsində məlumat verilib. Eyni zamanda, qeyd edilən sahədə Agentlik tərəfindən görülən işlər təlim iştirakçılarının diqqətinə çatdırılıb.
Məruzədə Əqli Mülkiyyət Agentliyinin “Elektron kitabxanalar, elektron kitabxana sistemləri və müəllif–hüquq məsələləri” və “Elmi əsər və müəlliflik hüququ: imkanlar və problemlər” adlı nəşrlərində qeyd olunan məsələlərin ətraflı şərh olunduğu bildirilib.
Maraqlananlar kitabları Agentlikdən pulsuz əldə edə və Agentliyin www.copat.gov.az saytından tanış ola bilələr.
Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Təlimdə Agentliyin struktur bölmələrinin, tabeliyində olan qurumlarının əməkdaşları və “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyinin nümayəndələri iştirak ediblər.
Xatırladırıq ki, Əqli Mülkiyyət Agentliyi tərəfindən aprel ayı “Əqli mülkiyyət aylığı” elan edilib.
Bu gün DİM növbəti imtahanlar keçirir
Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO
BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib
Mayın 5-6-da geomaqnit qasırğası olacaq
Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər