Azad olunmuş rayonlarda quduzluğa qarşı peyvəndləmə tədbirləri görülüb
Bakı, 6 aprel, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş Qubadlı, Cəbrayıl, Laçın, Kəlbəcər rayonları ərazisində quduzluğa qarşı vəhşi ətyeyən heyvanlar və sahibsiz itlərdə oral immunizasiya tədbirləri həyata keçirib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, əməkdaşlar birdəfəlik geyim, fərdi mühafizə dəstləri və avadanlıqlarla təmin olunublar. Oral immunizasiyanın aparılmasında əsas məqsəd xəstəliyin yayılmasının qarşısının alınması, epizootoloji sabitliyin qorunması məqsədilə xəstəliyin təbii rezervuarında yayılma zənciri qırılmasıdır. Proses çərçivəsində meşəlik və dağlıq ərazilərə tərkibində quduzluq xəstəliyinə qarşı peyvənd vasitəsi olan aldadıcı yemlər atılıb. Aldadıcı yem ətyeyən heyvanlar üçün cəlbedici iyə malik olan xüsusi tərkibə malik briketlərdir. Heyvanlar onu yedikdə onlarda quduzluq xəstəliyinə qarşı immunitet yaranır.
Oral immunizasiyanın ölkə ərazisində yaz və qış mövsümləri olmaqla ildə iki dəfə keçirilməsi nəzərdə tutulur. Növbəti tədbir Ağdam, Xocalı, Xocavənd, Ağdərə, Zəngilan rayonları ərazisində həyata keçiriləcək.
Hazırda ölkədə epizootoloji sabitliyin qorunması istiqamətində "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq profilaktiki tədbirlər davam etdirilir.
Qeyd edək ki, peyvənd ev heyvanları, kənd təsərrüfatı və vəhşi heyvanlar üçün zərərsizdir. Bir neçə ədəd aldadıcı yemin yeyilməsi ağırlaşmalara səbəb olmur. Peyvəndin müalicəvi xüsusiyyəti yoxdur və yalnız immunitet yaradır. Briketlər vəhşi heyvanların yaşayış areallarına yaxın hərəkət çığırlarına, sahibsiz itlər üçün isə onların populyasiyalarına uyğun yerlərə atılır.
Xatırladaq ki, quduzluq xəstəliyinə bütün növ ev və kənd təsərrüfatı heyvanları, vəhşi heyvanlar, eləcə də insanlar həssasdır. İnsanlar əsasən xəstə heyvanlarla təmas nəticəsində (dişləmə, tüpürcək, nadir hallarda göz və burunun selikli qişası) yoluxurlar. Xəstəliyin simptomları göründükdən sonra həm heyvanlar, həm də insanlar üçün ölümcül olur. Virusun təbiətdə daima vəhşi heyvanlar arasında mövcudluğu, xəstəliyin əlamətsiz keçməsi onların rezervuar kimi təhlükəliliyinin əsas əlamətlərini təzahür edir. Bu xəstəlik Ümumi Dünya Heyvan Sağlamlığı Təşkilatının zoonoz xəstəliklər siyahısında ilk onluqda yerləşir.
Şəki festivalında Qazaxıstan teatrı tamaşaçılara Bəxtiyar Vahabzadənin əsərini təqdim edib
Göyçayda sayca 9-cu “KOB Fest” sərgi-satış yarmarkası keçirilir
Naxçıvanda baytarlıq apteklərində mənşəyi məlum olmayan preparatlar aşkarlanıb
Naxçıvan Muxtar Respublikasında bu ilin 9 ayında 1621 yeni iş yeri açılıb