×
A
A
A
Sazlamalar

İlahiyyat İnstitutunda Ramazan ayı münasibətilə seminar təşkil olunub

Bakı, 6 aprel, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) müqəddəs Ramazan ayı münasibətilə seminar təşkil olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda çıxış edən Aİİ-nin rektoru dosent Aqil Şirinov Ramazanın mənəvi yüksəliş və bərəkət ayı olduğunu vurğulayıb. Ali təhsil müəssisəsinin rəhbəri bu ayın fəzilətlərindən yararlanmağın vacib olduğunu qeyd edib. Ramazanın həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi-bərəkət ayı olduğunu vurğulayan rektor bu günlərin insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırdığını diqqətə çatdırıb.
Aİİ-də İslam mədəniyyəti fənninin müəllimi, eyni zamanda, “İslam incəsənəti” dərnəyinin rəhbəri Zaur Orucov “İslam və incəsənət” mövzusunda məruzə edib.
Z.Orucov İslam incəsənətinin yaranma tarixi, inkişaf mərhələləri və digər mədəniyyətlərə təsiri barədə ətraflı danışıb. Məruzəçi İslam incəsənətinin təzhib, hüsnxət, miniatür və ebru kimi sahələrinin yaranması, tarixi inkişafı və müxtəlif növləri haqqında geniş məlumat verib. O, bir sıra ölkələrdə mövcud olan dini abidələrdə İslam incəsənəti izlərinin öz əksini tapdığını, bu nümunələrin marağa səbəb olduğunu vurğulayıb.
Sonda çıxış edən rektor Aqil Şirinov Ramazan ayında institutun maarifləndirici tədbirlərini, müəllimlərin və əməkdaşların sosial şəbəkələrdə, eləcə də mediadakı fəaliyyətini yüksək qiymətləndirib. Ali təhsil müəssisəsinin rəhbəri müqəddəs ay boyunca kütləvi informasiya vasitələrində fəal iştirak etdiklərinə görə Aİİ-nin bir neçə müəlliminə və tələbəsinə təşəkkürnamə təqdim edib.

Elm və təhsil 2024-04-06 18:12:00