® Sağlam həyat tərzi sürmək qismətinə düşən ömrü gümrah yaşamağa imkan verir
Bakı, 6 aprel, AZƏRTAC
Ümumdünya Sağlamlıq Günü öz sağlamlığına biganə qalmayan hər kəs üçün əlamətdar və yaddaqalan tarixdir. Həmin günün tarixi, yaranması və məqsədi barədə Mərkəzi Gömrük Hospitalının poliklinika rəisi, tibb xidməti polkovnik-leytenantı, kardioloq Tamilla Əliyeva məlumat verərək deyib:
- Ümumdünya Səhiyyə Təşkilatı 1948-ci il aprelin 7-də yaradılıb. Bu il təşkilat yaranmasının 76-cı illiyini qeyd edir. Bundan iki il sonra - 1950-ci ildə həmin gündə həyatımıza birbaşa təsir edən problemlərin gündəmə gəlməsinə şərait yaradan Ümumdünya Sağlamlıq Günü təsis edilib. Bu, bizim sağlamlıq və uzun ömür yaşamağımıza çalışan təşkilatdır.
- Hər il Ümumdünya Sağlamlıq Günü xüsusi şüar altında keçirilir və aydın mövzuya malik olur. Bəs bu il həmin gün hansı şüar altında qeyd edilir?
-Bu ilki şüar belədir: “Sağlamlığım mənim haqqımdır”. Həmin prinsip Ümumdünya Səhiyyə Təşkilatının Konstitusiyasının əsasında təsbit edilib. Bu, bütün insanların dinc və firavan cəmiyyətdə sağlam və xoşbəxt yaşamasına olan inama əsaslanır.
Hər il aprelin 7-si dünya ictimaiyyətinin diqqətini sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən hansısa mövzuya yönəltmək üçün imkanı yaradır. Hazırda qeyd olunan Ümumdünya Səhiyyə Gününün əsas müzakirə hədəfi insan sağlamlığıdır, yəni hər kəs öz sağlamlığının qayğısına qalmalı və bunun üçün heç bir məhdudiyyətlər ona mane olmamalıdır.
Hər birimiz özümüzün və yaxınlarımızın sağlamlığı üçün məsuliyyət daşımağı öyrənməliyik. Zərərli vərdişlər, oturaq həyat tərzi, qeyri-sağlam qidalanma və insanın psixi sağlamlığına diqqət yetirilməməsi ağır xroniki xəstəliklərin və ölümün əsas səbəbidir. Həkimlərin tələblərinə və məsləhətlərinə məhəl qoymamaq yalnız xəstəliklərin gedişatını ağırlaşdırır və tibbin kömək etməyə aciz qalması ilə yekunlaşır. Ona görə də Ümumdünya Sağlamlıq Günündə əhali arasında sağlam həyat tərzi barədə maarifləndirmə tədbirləri aparılır. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi tərifə görə, sağlamlıq – sadəcə fiziki qüsurlar və xəstəliklərin yoxluğu deyil, sosial, fiziki və psixoloji rifahın vəhdətidir. Məlumdur ki, sağlamlığın tən yarısını sağlam həyat tərzi təşkil edir.
-Tamilla xanım, hazırda “sağlam həyat tərzi” ifadəsi çox dəbdədir. “Sağlam həyat tərzi” dedikdə nəyi əsas götürmək lazımdır?
-Sağlam həyat tərzi - insan sağlamlığını yaxşılaşdıran, xəstəliklərin inkişaf ehtimalını azaldan və orqanizmin ətraf mühit şəraitinə uyğunlaşması üçün optimal şərait yaradan həyat tərzidir. Sağlam həyat tərzi məqsəd və vəzifələrimizi yerinə yetirməyə, planlarımızı uğurla həyata keçirməyə, çətinliklərin öhdəsindən gəlməyə kömək edir. İnsanın qoruduğu, üstündə əsdiyi və keşiyində dayandığı sağlamlıq ona uzun, gümrah və sevinc dolu həyat yaşamağa imkan verir. Sağlam həyat tərzinə alkoqollu içkilər, siqaret çəkmək kimi zərərli vərdişlərdən imtina, düzgün qidalanma - insanın xüsusiyyətləri, yaşı və cinsini nəzərə alaraq sağlamlığın möhkəmlənməsinə və xəstəliklərin qarşısının alınmasına töhfə verən müxtəlif pəhrizlər, gündə ən azı 7 saat normal yuxu daxildir. Normal yuxu sağlam həyatın ən yaxşı barometrlərindən biridir. Gecə yuxusu zamanı melatonin səviyyəsi yüksəlir, bu da immunitet sisteminin fəaliyyətini yaxşılaşdırır.
Bundan başqa, fiziki cəhətdən aktiv həyat sürənlərin sağlamlığı və əhvalı yaxşı olur, onlar stres və depressiyaya qarşı daha dözümlülük göstərirlər. Hər bir insanın rejimi onun daha məhsuldar işləməsini təmin etmək üçün istirahət, yemək və yatmaq üçün vaxtın rasional birləşməsini təmin etməlidir. Stres yükünün azalması da mühüm şərtdir, çünki uzun müddət davam edən stres immunitet sisteminə güclü zərbə vurur. Sağlam həyat tərzi qismətinə düşən ömür payını gümrah, fiziki və mənəvi cəhətdən tam sağlam yaşamağa və uzun müddət gənc qalmağa imkan verir.
Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
Baş Dövlət Yol Polisi İdarəsindən dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq
Londonda çalışan çörək texnoloqu: Getdiyim hər ölkəyə Azərbaycan unu aparıram MÜSAHİBƏ VİDEO
Bakının Azadlıq prospektində nəqliyyatın hərəkəti bərpa edilib YENİLƏNİB