×
A
A
A
Sazlamalar

MEK-də görkəmli ədib Nəcəf bəy Vəzirovun 170 illik yubileyi münasibətilə sərgi təşkil edilib

Bakı, 6 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) dramaturgiyamızın zənginləşdirilməsində, milli teatrın yaradılmasında və inkişafında müstəsna rolu olan görkəmli ədib Nəcəf bəy Vəzirovun 170 illik yubileyi münasibətilə sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, MEK-in fondlarındakı nəşrlər əsasında hazırlanan ənənəvi sərgidə görkəmli yazıçının həyat və yaradıcılığını, ictimai fəaliyyətini əks etdirən nəşrlər, onun haqqında mətbuatda dərc olunan yazılar, eləcə də yazıçının seçilmiş əsərləri, məqalə və felyetonları təqdim edilib. Onların sırasında “Müsibəti-Fəxrəddin” faciəsi, “Məqalə və felyetonlar”, “Seçilmiş əsərlər”, “Biblioqrafiya”, “Nəcəf bəy Vəzirov arxivinin təsviri”, “Azərbaycan dramaturgiyasının antologiyası” və digərləri yer alıb.
Qeyd edək ki, müxtəlif mətbuat səhifələrində publisistik yazılarla çıxış edən müəllifin məqalələri “Həyat”, “İrşad”, “Təzə həyat”, “Tərəqqi”, “Yeni irşad”, “Sədayi-həqq”, “Açıq söz” və “Mirat” qəzetlərində çap olunub. N.Vəzirov bir dramaturq kimi ədəbiyyatımızın klassikləri sırasına daxil olaraq əsərlərində maarifçilik hərəkatının ictimai-sosial məzmununu, həmin dövrün insanlarının mürəkkəb, psixoloji həyat tərzlərini təsvir etməyin bariz nümunələrini yaradıb, milli dramaturgiyamıza fəlsəfi təməl, psixoloji dramatizm, faciəvi obrazlar silsiləsi gətirib.
Sərgi iki həftə davam edəcək.

Elm və təhsil 2024-04-06 17:47:00