Elmi araşdırmanın xərçəng xəstəliyinə qarşı təklif etdiyi on qida
Bakı, 6 aprel, AZƏRTAC
İllər ərzində aparılan araşdırmalar meyvə və tərəvəzlərdən tutmuş, qoz-fındıq və taxıl bitkilərinədək istifadə etdiyimiz bir çox qidanın xərçəng xəstəliyinə qarşı silah olduğunu söyləyir.
AZƏRTAC “Knowridge” saytına istinadla xəbər verir ki, hər hansı qida təklikdə xərçəngin qarşısını ala bilməsə də, kompleks pəhriz xəstəliklə mübarizədə yardımçı ola bilər. Bu istiqamətdə tədqiqatçıların təklif etdikləri on qidaya nəzər salaq:
Brokoli - xərçəng hüceyrələrini hədəfə aldığı və ölçüsünü azaltdığı sübut edilən sulforafanla zəngindir.
Giləmeyvələr - onlar C vitamini və ellagik turşusu ilə, çiyələk və moruq isə həm də antioksidanlarla zəngindir. Antioksidantlar insan bədəninin hüceyrələrini xərçəngə səbəb ola biləcək patogenlərdən qoruyur.
Pomidor – onun qırmızı rəngi güclü antioksidant olan likopen sayəsində əmələ gəlir. Tədqiqatlar yüksək likopenin qəbulunun xərçəng riskinin azalmasına təsir etdiyini aşkarlayıb. Pomidorlar istər təzə, istər bişmiş, istərsə də sous şəklində yüksək fayda verir.
Sarımsaq - tərkibindəki allisin xərçənglə mübarizə aparan birləşmələrdən biridir. Yeməkdə sarımsaqdan istifadə xərçəngə qarşı müdafiə qatı əlavə etmək deməkdir.
İspanaq - bu tərəvəzdəki zəngin lutein və zeaksantin antioksidantı hüceyrələri zədələmədən xərçəngdən qoruyur. İspanaq yaşıl qalxana bənzəyir, hər yarpağı qoruyucu funksiyanı yerinə yetirir.
Sarıkök - parlaq sarı rəngli bu ədviyyat növü xərçəngin yayılmasını yubadaraq şiş hüceyrələrinin böyüməsinə mane olur. Onun tərkibindəki kurkumin yeməklərə yalnız rəng deyil, həm də xərçənglə mübarizə gücü qatır.
Yaşıl çay - polifenol və katexinlərlə zəngin yaşıl çayın bəzi xərçəng növlərinin inkişafını yavaşlatdığı sübut edilib. Bir fincan yaşıl çayı hüceyrələriniz üçün sakitləşdirici, qoruyucu eliksir kimi düşünün.
Qoz – süd vəzi xərçəngi hüceyrələrində estrogen reseptorlarını blokladığı sübut edilmiş fitosterollarla zəngindir.
Taxıl bitkiləri - qəhvəyi düyü və tam buğda çörəyi kimi qidalar liflərlə zəngindir ki, bu da istifadəsi zamanı kolorektal xərçəng riskini azaldır. Onlar xərçəngə səbəb olan maddələri həzm sisteminizdən süpürüb ata bilər.
Portağal və digər sitrus meyvələri - c vitamini və antioksidantlarla zəngin olan sitrus meyvələri orqanizmi xərçəngdən qorumağa kömək edir.
Xərçənglə mübarizə aparan bu qidaları pəhrizinizə daxil etmək sağlamlığınızı dəstəkləmək üçün “dadlı bir yol” ola bilər.
Bakı İqlim Fəaliyyəti Həftəsinin dördüncü gününə yekun vurulub
MEDİA-nın növbəti könüllülük proqramı yekunlaşıb
Mərkəzi Gömrük Hospitalının klinik bazasında xarici tələbələrə dərs keçilir
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin ilk iclası olub