Aşağı siniflər üzrə ilk dəfə onlayn-test formasında sınaq imtahanı keçirilib
Şəki, 6 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin IV və VI sinifləri üzrə ilk dəfə onlayn-test formasında sınaq imtahanı keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə regional təhsil idarəsindən məlumat verilib.
Bildirilib ki, sınaq imtahanının keçirilməsində məqsəd təhsilalanlarda müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, keyfiyyətin artırılması istiqamətində tədbirlər görmək, şagirdlərin gələcək inkişafına və müəllimlərin peşəkarlığının təkmilləşməsinə dəstək olmaqdan ibarətdir.
Şəki -Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən sınaq imtahanı Azərbaycan və rus bölmələrində tədris dili, riyaziyyat və təbiət fənləri üzrə aparılıb.
İmtahan zamanı IV sinif şagirdlərinə tədris dili və riyaziyyat fənləri üzrə 30 sualın cavablandırılması üçün 120 dəqiqə, VI sinif şagirdlərinə isə tədris dili, riyaziyyat və təbiət fənləri üzrə 25 sualın cavablandırılması üçün 150 dəqiqə vaxt verilib.
İmtahanın nəticələrinin təhlili ümumi təhsil müəssisələrinə təqdim olunacaq, mövcud problemlərin həlli yolları üçün müvafiq tövsiyələr veriləcək.
Cəbrayılda daha 42 ailəyə evlərin açarları təqdim olunub VİDEO
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb
İmişlidə qətl hadisəsi törədilib VİDEO
Ağdam şəhərindəki 2-ci yaşayış məhəlləsində 1268 mənzil inşa edilir VİDEO