×
A
A
A
Sazlamalar

Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə “Məktəb jurnalistikası” qrant layihəsi üzrə viktorina keçirilib

Bakı, 6 aprel, AZƏRTAC

Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində “Məktəb jurnalistikası” qrant layihəsi üzrə viktorina keçirilib.
AZƏRTAC xəbər verir ki, viktorinanın keçirilməsində əsas məqsəd layihənin yekununda uşaqların qazandığı bilik və bacarıqların yoxlanılmasıdır.
Məktəb-liseyin direktoru, layihənin rəhbəri Gülşən Orucova viktorinada uşaqlara uğurlar arzulayıb: “Layihəyə məktəb-liseyin 50 şagirdi böyük maraqla qoşulub. Təlimlərdə iştirak edən şagirdlər cəmiyyətin və insanın həyatında konkret yer tutan jurnalistika haqqında təsəvvürlərini genişləndirib, etibarlı məlumatları feyk xəbərlərdən ayırmağı öyrəniblər. Eyni zamanda, şifahi və yazılı nitqi səriştəli və daha səlis idarə etmək vərdişlərini inkişaf etdiriblər”.
Sonra komandalara bölünmüş şagirdlərə suallar verilib, cavablar münsiflər tərəfindən qiymətləndirilib.
Yarışmada iştirak edən şagirdlər müxtəlif hədiyyələrlə və sertifikatlarla mükafatlandırılıblar.
Qeyd edək ki, “Məktəb jurnalistikası” qrant layihəsi çərçivəsində şagirdlər yazı bacarıqları, media mətninin yazılması, natiqlik, fotoşəkillərin çəkilməsi, saytda məzmunun idarəedilməsi kimi təlimlərə cəlb olunublar.

Elm və təhsil 2024-04-06 15:02:00