×
A
A
A
Sazlamalar

AzMİU-da Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı müzakirə olunacaq

Bakı, 6 aprel, AZƏRTAC

Aprelin 19-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Biznesin iqtisadiyyatı və menecment kafedrası tərəfindən “Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış” mövzusunda respublika elmi-praktik konfrans keçiriləcək.
Bu barədə AZƏRTAC-a universitetdən bildirilib. Konfrans Elm və Təhsil Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə reallaşacaq. Konfransda Azərbaycan Respublikası Auditorlar Palatası, müxtəlif institutlar, elmi-tədqiqat mərkəzləri, ali təhsil ocaqlarından nümayəndələr və məruzəçilər iştirak edəcəklər.
Konfransın plenar iclasında məruzəçilər “Qərbi Azərbaycan iqtisadiyyatının mövcud durumu, problemləri və perspektivləri”,“1988-ci ilə qədər Qərbi Azərbaycan ərazisindəki bölgələrin Ermənistan SSR-in iqtisadiyyatında rolu”, “Qərbi Azərbaycan: Ana vətənlə iqtisadi reinteqrasiya”, “Zəngəzurda türk mənşəli toponimlərə erməni soyqırımı siyasəti” mövzularında çıxış edəcəklər. Konfrans sosial-iqtisadi potensial və gələcəyə baxış olmaqla iki bölmə üzrə keçiriləcək. Bölmələrdə “Qərbi Azərbaycanın sosial-iqtisadi inkişaf potensialı”, “Qərbi Azərbaycanın regionlarının tarixi-iqtisadi potensialı və gələcəyə baxış” mövzularında məruzələr dinləniləcək.
Məruzəçilər konfransın mövzusuna uyğun olaraq Qərbi Azərbaycan iqtisadiyyatının mövcud durumu, problemləri, perspektivləri, iqtisadi inkişaf potensialını birgə müzakirə edərək, regionun keçmişinə, bu gününə, gələcəyinə nəzər yetirəcək və birgə həll yolları axtaracaqlar.

Elm və təhsil 2024-04-06 14:46:00