×
A
A
A
Sazlamalar

Lənkəran sakini məişət tullantılarını yararsız hesab etmir

Lənkəran, 6 aprel, İsmayıl Cəfərli, AZƏRTAC

Çoxları üçün yararsız və tullantı kimi görünən karton kağızlar və lazımsız əşyalar yaradıcı insanlar üçün həm məşğuliyyət, həm də bir sənət əsəridir. Lənkəran rayonunun Kənarmeşə kənd sakini Tərlan Bağırov illərdir karton kağızları sənət əsərinə çevirməyi özünün maraqlı məşğuliyyəti hesab edir.
AZƏRTAC xəbər verir ki, o, istifadə edildikdən sonra atılan kartonlardan maraqlı bəzək əşyaları və müxtəlif fiqurlar hazırlayır.

Uşaq yaşlarından bu sənətə həvəsi olan Tərlan Bağırov artıq peşəsinin sənətkarıdır desək, yanılmarıq. Kənarmeşə Kənd Mədəniyyət evində bədii rəhbər vəzifəsində çalışan qəhrəmanımız deyir ki, fürsət tapdıqca boş vaxtlarında kartondan maraqlı əl işləri ərsəyə gətirir. O, kartondan müxtəlif növ avtomobil, ev, musiqi alətləri və digər maketlər hazırlayır.

“Məndə bu işləri görməyə həvəs uşaqlıqda yaranıb. Hazırladığım maketlər mənim üçün maraqlı görünür. Bu maketləri ölkəmizin hər yerində sərgilərə aparmışam və baxanlar tərəfindən çox bəyənilib”,-deyə həmsöhbətim bildirir.

T. Bağırov bu işi həm də özünün gəlir mənbəyi hesab edir. O, karton kağızlardan sifarişə uyğun istənilən əl işləri və fiqurlar hazırlayır. Bu sifarişlər daha çox ona rayona gələn turistlər tərəfindən verilir. Tələbat isə daha çox ev və maşın maketlərindədir: “Ev maketinə üstünlük verənlər onun çertyojunu istəyirlər. O maketlər əsasında özü üçün ev tikənlər də az deyil. Bir maketin qiyməti 15-20 manatadır. Böyük və kiçik maketlər var və qiymət də buna uyğun tənzimlənir”.

Sənətinin əsas sirrinin səbir olduğunu söyləyən müsahibimizin sözlərinə görə, çox incə və ustalıq tələb edən əl işlərinin hazırlanmasına 1-2 həftə, bəzən isə çətin maketlərin ərsəyə gəlməsinə daha çox vaxt tələb olunur.

Gələcək planlarından danışan həmsöhbətimiz vurğuladı ki, əsas məqsədi bu sənəti inkişaf etdirməkdir. Yaradıcılığında kartonla yanaşı plastik qablardan, müxtəlif rəngli kağızlardan, parça qalıqlarından da istifadə edən müsahibimiz, məişət tullantılarının lazımsız material toplusu olmadığını öz yaratdığı nümunələrlə sübut etmək niyyətindədir. Gördüyü iş isə ona həm mənəvi zövq, həm də qazanc gətirir.


 

 

Regionlar 2024-04-06 14:37:00