×
A
A
A
Sazlamalar

Coğrafiya İnstitutunun yeni nəşri işıq üzü görüb

Bakı, 6 aprel, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun “Risklərin və fəlakətlərin qiymətləndirilməsi üçün obyekt əsaslı təhlil: Azərbaycanın geoekoloji kontekstləri” (Object-Based Analysis for Risks and Disasters Assessment: Tutoring on Geo-Environmental Contexts of Azerbaijan) adlı yeni nəşri işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada Azərbaycan Respublikasında geoekoloji risk və fəlakət məsələlərinə aydınlıq gətirən OBİA (Obyekt Əsaslı Şəkil Təhlili) üzrə praktiki dərsliklər toplusu və onların tətbiqi üsulları təqdim edilir. OBİA kontekstini başa düşmək üçün “eCognition” proqramının sınaq versiyalarından istifadə olunur və hər bir vəsait iş prosesini təfərrüatlı şəkildə izah edir. Bu isə mütəxəssis üçün olduqca vacibdir. Kitabda, həmçinin Azərbaycan coğrafiyası domeninə uyğunlaşdırılmış Landsat, Sentinel təsvirləri və ALOS-Palsar məlumatları ilə əlaqəli nəhəng alətlər paneli və onların funksiyaları ilə tanış olmaq mümkündür.
Yanaşmaların müxtəlifliyinə baxmayaraq, monoqrafiyada peyk təsvirlərinin təhlili və xəritəçəkmə məşqləri də verilir, aerokosmik məlumatlardan istifadə etmək üçün peşəkar mütəxəssislərə lazım olan bacarıq və biliklər izah olunur.
Kitabın müəllifləri Coğrafiya İnstitutunun icraçı direktoru dosent Zaur İmrani və Avstraliyanın Makkuori Universitetinin elmi işçisi professor Əliəkbər Rəsulidir.

Elm və təhsil 2024-04-06 12:56:00