×
A
A
A
Sazlamalar

ADPU-da magistrantların VII respublika elmi konfransı işə başlayıb

Bakı, 5 aprel, AZƏRTAC

Aprelin 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Təhsildə menecment və yeni təlim texnologiyaları” mövzusunda magistrantların VII respublika elmi konfransı işə başlayıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, plenar iclasda çıxış edən ADPU-nun rektoru, konfransın Təşkilat Komitəsinin sədri, professor Cəfər Cəfərov Azərbaycanın müstəqillik əldə etdikdən sonra elmin və təhsilin inkişafı sahəsində böyük işlər görüldüyünü qeyd edib, xüsusən böyük Zəfərdən sonra müvafiq sahədə həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə - Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış”la bağlı xeyli sayda infrastruktur layihələri həyata keçirilir, təhsil ocaqları inşa olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il noyabrın 28-də “Qarabağ Universitetinin yaradılması haqqında Sərəncam” imzalayıb.
Rektor qeyd edib ki, son illərdə aparılan islahatlar, həyata keçirilən yeniliklər, layihələr ADPU-nun yeni inkişaf mərhələsinə daxil olmasına şərait yaradıb. ADPU-nun kollektivi əldə edilmiş uğurlarla kifayətlənməməli, fəaliyyətini müasir dünyanın çağırışlarına uyğun qurmalıdır. Bu baxımdan magistrantların da üzərinə böyük məsuliyyət düşür.
Tədbirdə çıxış edən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, konfransın Təşkilat Komitəsinin sədr müavini, professor Asəf Zamanov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin elm strategiyası milli quruculuq siyasətinin əsas istiqamətlərindən biri olub və bu gün uğurla davam edir. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycan Respublikasında Elm Gününün təsis edilməsi haqqında Sərəncamı cəmiyyətin inkişafında elmin vacibliyinin dərk olunması və xüsusilə gənclər arasında təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Ölkədə elm və təhsilin inteqrasiyası istiqamətində son illərdə aparılan islahatlar elm və təhsilin inkişafında yeni mərhələnin başlanğıcı, bu vacib sahəyə yüksək diqqətin göstəricisi hesab oluna bilər.
Professor Asəf Zamanov diqqətə çatdırıb ki, ADPU-da magistratura və doktorantura səviyyəsində dövrün tələblərinə uyğun yeni nəsil mütəxəssislər hazırlanması işini təkmilləşdirmək məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Son dövrlərdə universitetdə ali təhsilin bütün sahələri üzrə mütəxəssis hazırlığında əsaslı irəliləyiş müşahidə olunur, beynəlxalq təcrübə öyrənilir, dövrün tələblərinə uyğun yeni ixtisaslar yaradılır, mövcud ixtisaslaşmaların məzmununun yenilənməsi istiqamətində iş aparılır. Bu gün Pedaqoji Universitetdə 22 ixtisas üzrə 29 ixtisaslaşmada magistr hazırlığı həyata keçirilir.
Xüsusilə vurğulanıb ki, magistratura səviyyəsində ənənəvi ixtisaslaşmalardan başqa son illərdə universitetdə yeni ixtisaslaşmalara qəbul aparılır. Onlardan menecment (təhsilin təşkili və idarə olunması) ixtisaslaşması üzrə ABŞ-ın Corc Vaşinqton Universiteti ilə həyata keçirilən ikili diplom proqramı, menecment (ali təhsilin təşkili və idarə edilməsi) ixtisaslaşması, MBA proqramı üzrə “Təhsilin təşkili və idarə olunması” və “Təhsil üzrə marketinq fəaliyyəti” ixtisaslaşmaları, eləcə də “SABAH” proqramı üzrə “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşmasını göstərmək olar.
Prorektor bildirib ki, təhsilin keyfiyyəti anlayışının sürətlə dəyişdiyi dövrümüzdə yeni təfəkkür tərzinə malik mütəxəssislərin yetişdirilməsində ali təhsil müəssisələrinin gənc tədqiqatçıları və gənc müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Bu cür konfranslarda dövrün, təhsilin, tədrisin ən son problemləri müzakirəyə çıxarılmalı, magistrlik dissertasiya mövzularında aktual məsələlər elmi müzakirəyə cəlb olunmalıdır.
ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdiri, konfransın məsul katibi Rəşad Sadıqov diqqətə çatdırıb ki, konfransda ADPU ilə yanaşı Bakı Slavyan Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Universiteti, Bakı Qızlar Universitetinin magistrantları, eləcə də Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində universitetdə təhsil alan Çin vətəndaşı olan magistrantlar da iştirak edirlər.
Daha sonra ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri professor Fərrux Rüstəmov, Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müdiri professor Müseyib İlyasov, Analitik və üzvü kimya kafedrasının müdiri professor Əli Zalov çıxış edərək öz təəssüratlarını bölüşüblər.
Plenar iclasda magistrantların “Təhsilin müxtəlif sahələrində süni intellektdən istifadə”, “Latın dilinin istifadə olunması və əhəmiyyəti”, “Şifahi xalq ədəbiyyatı örnəkləri: atalar sözlərinin tədrisi mədəni irsi qorumağın bir nümunəsidir” mövzularında məruzələri dinlənilib.
Konfrans işini “Təhsildə strateji idarəetmə”, “İnnovasiyalar və təhsilin keyfiyyəti”, “Təhsildə sosial-psixoloji xidmət”, “Tədrisin müasir problemləri-1” və “Tədrisin müasir problemləri-2” bölmələri üzrə davam etdirib.
İki gün davam edəcək konfransda 306 məruzə dinləniləcək, müzakirələr aparılacaq. Təşkilat Komitəsinin yekun rəyinə əsasən çapa tövsiyə olunan elmi məruzələr topluya daxil ediləcək və konfrans materiallarında nəşr olunacaq.

Elm və təhsil 2024-04-05 19:09:00