×
A
A
A
Sazlamalar

Ədəbiyyat İnstitutunda “Ədəbi incilər” jurnalının təqdimatı olub

Bakı, 5 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş “Ədəbi incilər” jurnalının təqdimatı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbiri açan tanınmış tənqidçi Əsəd Cahangir bu təqdimatın belə bir elm ocağında təşkili üçün yaratdığı şəraitə görə AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə minnətdarlığını bildirib. O, ilk iki nömrəsinin təqdimatı keçirilən “Ədəbi incilər” jurnalının təsisçisi və baş redaktoru Xalidə Nuray haqqında ətraflı məlumat verib.
Bakuvilər nəslinin davamçısı Adəm Bakuvi və Bakı Dövlət Universitetinin baş müəllimi Sona Çərkəz çıxışlarında yeni nəşrə başlayan jurnalın uğurlu olacağına inamlarını ifadə ediblər.
Tədbirdə Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Salidə Şərifova ətraflı məruzə edərək jurnalın yaradıcı heyəti və nömrələri haqqında geniş məlumat verib.
AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri professor Qasım Hacıyev, Ədəbiyyat İnstitutunun alimlərindən professor Tahirə Məmməd, filologiya elmləri doktoru Əlizadə Əsgərli, şair İbrahim Yusifoğlu çıxışlarında Xalidə Nurayın yaradıcılıq fəaliyyətindən hərtərəfli söz açıblar. Xalidə Nurayın qələm dostları Nazilə Gültac, Məhəbbət Mehdiyeva, Nəcibə İlkin, Rəfiqə Qasımqızı, Yeganə Qədimova, Müşfiq Borçalı çıxış edərək jurnalın yaradıcı heyətinə uğurlar arzulayıblar. Şair və yazıçılardan Yusif Nəğməkar, Nazlı Çələbi, Adilə Nəzər, Pəri Mikayılqızı və başqaları çıxışlarında jurnalın müasir mətbuatımızda özünəməxsus yeri olacağını vurğulayıblar.
Sonda Xalidə Nuray və ailə üzvləri çıxış edərək tədbirin yüksək səviyyədə təşkili üçün minnətdarlıqlarını bildiriblər.

Elm və təhsil 2024-04-05 18:37:00