×
A
A
A
Sazlamalar

Umayra Tağıyeva: Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Azərkosmos"la birgə tədbirlər planı hazırlayır

Bakı, 5 aprel, AZƏRTAC

Bu gün peyk məlumatları iqlim dəyişmələri, ətraf mühitin çirklənməsi və daşqınların proqnozlaşdırılmasında önəmli informasiya mənbəyinə çevrilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Azərkosmos"la birgə tədbirlər planı hazırlayır.
AZƏRTAC xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakıda keçirilən "İqlim dəyişikliyinə kosmosdan baxış" tədbirində çıxışında deyib.
Bildirib ki, "Azərkosmos"la birgə hazırlanan tədbirlər çərçivəsində iki qurum arasında sıx əməkdaşlıq davam etdiriləcək. “Bu gün peyk məlumatları əvəzsiz informasiya mənbəyinə çevrilib. Bu məlumatların xüsusilə iqlim dəyişmələri, ətraf mühitin çirklənməsi, daşqınların proqnozlaşdırılması, meşə yanğınlarının izlənilməsi, toz fırtınalarının mənbələrinin müəyyən olunması və proqnozların verilməsində mühüm rolu var. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) Azərbaycan pavilyonunda "Azərkosmos"un təmsil etdiyi guşə çox böyük maraq doğurdu. Həmçinin Azərbaycanın peyk ölkəsi olması böyük rəğbətlə qarşılandı. Bakıda keçiriləcək COP29 da bu sahədə öz layiqli yerini tutacaq”, - deyə nazir müavini diqqətə çatdırıb.
U.Tağıyeva əlavə edib ki, dünyanın qapalı su hövzələrində olan vəziyyət, gözlənilən risklər Azərbaycanda keçiriləcək COP29-da da əsas mövzulardan biri kimi müəyyən olunub. Bu istiqamətdə “Azərkosmos”la qurulacaq əməkdaşlıq bu işə önəmli töhfə verəcək.

İqtisadiyyat 2024-04-05 13:53:00