×
A
A
A
Sazlamalar

“Asəf Zeynallı – 115” adlı kitab sərgisi açılıb

Bakı, 5 aprel, AZƏRTAC
Milli Kitabxanada Azərbaycanın musiqi tarixində xüsusi yer tutan, görkəmli bəstəkar Asəf Zeynallının doğum günü ilə əlaqədar geniş kitab sərgisi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Asəf Zeynallı – 115” adlı sərgidə bəstəkarın kitabxananın fondunda mühafizə olunan əsərlərinin not yazıları, həyat və yaradıcılığına həsr olunan kitablar Azərbaycan və rus dillərində nümayiş olunub.
Sərgi 1 həftə davam edəcək.
Musiqimizdə bir çox janrın banisi, böyük əsərlərin yaradıcısı sayılan Asəf Zeynallı cəmi 23 il yaşasa da, mədəniyyətimizin korifeyləri sırasında əbədi yer qazanıb. “Ölkəm”, “Seyran”, “Sual”, “Sərhədçi”, “Çadra” adlı romansları, fortepiano üçün “Çahargah”, “Durna” pyesləri, skripka və fortepiano üçün “Muğamsayağı” pyesi unudulmaz bəstəkardan yadigar qalan sənət nişanəsidir.
Bəstəkar öz əsərləri ilə milli pianoçuluq məktəbinin inkişafına da böyük təsir göstərib, tədris repertuarını zənginləşdirib. Onun fortepiano yaradıcılığında ən maraqlı əsərlərdən biri altı pyesdən ibarət “Uşaq süitası”dır. Bu pyeslər ilə Azərbaycanda uşaq fortepiano miniatürünün əsası qoyulub.

Mədəniyyət 2024-04-05 13:08:00