×
A
A
A
Sazlamalar

Əli Məsimli: Brüssel görüşünün təşkili ilə regionda sülhə zidd geosiyasi vəziyyətin yaradılmasına cəhd edilir

Bakı, 5 aprel, AZƏRTAC

Ərazilərini Azərbaycanın hesabına dəfələrlə artıran və hələ bu azmış kimi 30 il ərzində 20 faiz torpaqlarımızı işğal altında saxlayan Ermənistanı dəstəkləyən dairələrin nəyə nail olmaq istədikləri aydındır. Bu gün keçiriləcək Brüssel görüşü təsdiq edir ki, revanşist qüvvələr regionda sülhə, əmin-amanlığa zidd olan geosiyasi vəziyyət yaratmağa çalışırlar.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Əli Məsimli parlamentin aprelin 5-də keçirilən iclasında səsləndirib.
Deputat deyib ki, Ermənistandakı revanşist qüvvələr və onların havadarları tarixdən dərs çıxarmaq əvəzinə öz çirkin niyyətlərini davam etdirirlər. Bunu ABŞ-ın Dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidentinə telefon zəngində ifadə etdiyi fikirlər də təsdiqləyir.
“Türkiyənin Brüssel görüşü ilə bağlı bəyanatını dəstəkləyirik. Əgər ABŞ-ın maddi imkanları yüksəkdirsə, Ermənistanın Azərbaycana vurduğu ziyanın ödənilməsinə kömək etsin. Yox əgər, regionda sülhün və sabitliyin bərqərar olmasını istəyirsə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı Böyük Qayıdışa dair Dövlət Proqramının həyata keçirilməsi üçün Cənubi Qafqazda sülhü dəstəkləyən proqram və layihə təklif etsin”, - deyə Əli Məsimli diqqətə çatdırıb.

Siyasət 2024-04-05 12:16:00