×
A
A
A
Sazlamalar

Deputat: ABŞ-Aİ-Ermənistan görüşü Qərbin regionda sülhlə bağlı səmimi olmadığını göstərir

Bakı, 5 aprel, AZƏRTAC
Son altı ayda Ermənistan-Azərbaycan sərhədi ən sakit dövrünü yaşayır. Hər iki ölkə arasında müxtəlif çərçivələrdə təmaslar olub. Amma bəzi qüvvələr normallaşma prosesini pozmağa çalışırlar.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamal Cəfərov parlamentin aprelin 5-də keçirilən iclasında səsləndirib.
Deputat vurğulayıb ki, erməni xalqı əvvəllər başına gətirilən geosiyasi bəlalardan dərs çıxarmalıdır. “Bu gün ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək görüş Qərbin regional sülhlə bağlı səmimi olmadığını, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaratmaq cəhdidir. Çünki bu görüş qeyri-şəffaf hazırlanıb, regional inklüzivlik və xarakter məqsədli şəkildə nəzərə alınmayıb”, - deyə deputat qeyd edib.
K.Cəfərov bildirib ki, bu gün Azərbaycan regionda sabitlik istəyir, beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında praktiki sülhə nail olmaq üçün real imkan təklif edir. Sülh müqaviləsinin təşəbbüskarı da Azərbaycan olub, hazırda müzakirə olunan prinsiplərin müəllifi də ölkəmizdir.

Siyasət 2024-04-05 11:25:00